ABŞ Prezidenti Donald Tramp İranla müharibənin bitdiyini və ölkəsinin qalib gəldiyini söyləyib. Lakin İsrailin Baş naziri Benyamin Netanyahu İran təhlükəsinin davam etdiyini bildirib və aradan qaldırılması üçün çağırış edib.
İsrail ABŞ-ın xəbəri olmadan İrana ani hücum edə bilərmi? Tramp Netanyahunun İrana qarşı münasibətini tənzimləyə biləcək?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, ABŞ Prezidenti Donald Trampın İranla müharibənin hərbi baxımdan başa çatdığını və Vaşinqtonun qalib gəldiyini bəyan etməsi ilə İsrailin Baş naziri Benyamin Netanyahunun İran təhlükəsinin hələ də davam etdiyini vurğulaması ABŞ–İsrail münasibətlərində müəyyən strateji fərqlərin meydana çıxdığını göstərir:
“Əslində, bu ziddiyyət iki müttəfiqin İran məsələsinə yanaşmasındakı prioritet fərqlərdən qaynaqlanır. Vaşinqton əldə etdiyi hərbi nəticələri siyasi və diplomatik razılaşmaya çevirməkdə maraqlı olduğu halda, Təl-Əviv Tehranın hərbi və nüvə potensialının tamamilə neytrallaşdırılmasını təhlükəsizlik baxımından vacib hesab edir.
Məlumdur ki, Tramp 9 noyabr açıqlamasında növbəti dəfə İranın hərbi imkanlarının faktiki olaraq sıradan çıxarıldığını bildirdi, amma onu da əlavə etdi ki, uzunmüddətli həllin təmin edilməsi də olduqca vacibdir. Ardınca isə şənbə günü daha bir açıqlama ilə çıxış edərək yeni təxribatlar olmadığı təqdirdə İrana qarşı əlavə zərbələrdən çəkinməyi nəzərdən keçirdiryini bildirdi. Bu, şübhəsiz ki, İsrailin maraqlarına cavab verən yanaşma deyil və ona görə də Təl-Əviv bütün mümkün imkanları ilə Vaşinqtonu yeni hərbi əməliyyatlara razı salmağa çalışır. Elə MOSSAD rəhbəri Roman Qofmanın Vaşinqtona səfəri və ABŞ rəsmiləri ilə görüşləri də bu diplomatik təmasların intensivliyini göstərir.
İsrailin ABŞ-dən xəbərsiz İrana hücum edə biləcəyinə gəldikdə isə, nəzəri və siyasi baxımdan belə bir ssenarini istisna etmək olmaz. İsrail müstəqil qərar qəbul etmək və özünün milli təhlükəsizlik maraqlarına uyğun hərəkət etmək imkanına malikdir. Lakin genişmiqyaslı hərbi əməliyyatın həyata keçirilməsi sadəcə siyasi qərardan ibarət deyil. Belə bir addımın regional nəticələri, İranın mümkün cavabları və ABŞ-ın Yaxın Şərqdəki hərbi qüvvələrinin təhlükəsizliyi nəzərə alınmalıdır. Buna görə də Vaşinqtonla razılaşdırılmamış hücum ABŞ-İsrail münasibətlərində ciddi diplomatik gərginlik yarada bilər. Digər tərəfdən isə İsrailin İran və müttəfiqləri olan proksi qüvvələr qarşısında təkbaşına duruş gətirə biləcəyi də inandırıcı görünmür”.

Yusif Bağırzadə
Politoloq bildirib ki, digər mühüm məsələ Donald Trampın Netanyahuya təsir imkanlarıdır:
“ABŞ İsrailin əsas hərbi və siyasi tərəfdaşlarından biridir. Silah təchizatı, kəşfiyyat məlumatlarının mübadiləsi, diplomatik dəstək və maliyyə əməkdaşlığı Vaşinqtona Təl-Əvivin qərarlarına təsir göstərmək üçün mühüm vasitələr verir. Yəni başqa sözlə, ABŞ-nın əlində ondan icazəsiz əməliyyatlara başlamamaq üçün İsrailə təsir imkanları var.
Amma onu da qeyd edim ki, Trampın qarşısında da mürəkkəb seçim dayanır. Bir tərəfdən İsrailin təhlükəsizlik maraqlarını qorumaq, digər tərəfdən ABŞ-ı yeni və uzunmüddətli müharibəyə cəlb etməmək. İranla mümkün diplomatik razılaşmanın əldə olunması Vaşinqton üçün hərbi nəticələri siyasi uğura çevirmək imkanı yarada bilər. Lakin İsrailin belə razılaşmanı kifayət qədər təminatlı hesab etməməsi prosesi çətinləşdirə bilər.
Düşünürəm ki, ABŞ və İsrail arasında İran məsələsində fikir ayrılıqlarının dərinləşməsi müttəfiqlik münasibətlərinin pozulması deyil, daha çox regional təhlükəsizlik prioritetlərinin fərqli qiymətləndirilməsidir. Yeni hərbi qarşıdurmanın qarşısının alınması isə yalnız Vaşinqton və Təl-Əvivin mövqelərinin uzlaşdırılmasından deyil, Tehranın da diplomatik prosesdə real öhdəliklər götürməsindən asılı olacaq. Əks halda, müharibənin başa çatdığına dair siyasi bəyanatlara baxmayaraq, Yaxın Şərqdə qeyri-sabitlik və yeni hərbi eskalasiya riski gündəmdə qalacaq”.
Turan Rzayev
Globalinfo.az