“Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti davam etdirilir. Holdinq idarəetmə modelinə keçid, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün əlavə gəlir mənbəyinə çevrilməkdədir”.
Globalinfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda struktur dəyişiklikləri baş verir:
“Qeyri-neft-qaz sənayesində istehsalın şaxələndirilməsi, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, eləcə də rəqəmsallaşma istiqamətində mühüm addımlar atılır. Bunu təsdiqləyən bir faktı qeyd etmək kifayətdir: cari ilin 9 ayında sənaye zonalarının ölkənin qeyri-neft-qaz sənayesi istehsalında payı 9%-dən, ixracında payı isə 23%-dən çox olub.
Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşdırılmasıdır. Cari ilin ilk 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13%-dən çox artıb.
2018-ci ildən etibarən aktiv vergi ödəyicilərinin sayı iki dəfə, əlavə dəyər vergisi ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. 2019-cu ilin əvvəlindən bəri qeyri-neft-qaz özəl sektorunda bağlanmış əmək müqavilələrinin sayı iki dəfədən çox, yəni 541 min artıb. Hazırda ümumi əmək müqavilələrinin 57%-i bu sektorun payına düşür. 2019-cu ilin əvvəlində bu göstərici 39% təşkil edirdi. Təkcə cari ilin ilk 10 ayında bağlanmış əmək müqavilələrinin sayı 49 mindən çox artıb.
Əmək bazarının şəffaflaşdırılması nəticəsində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36%-dən cari ilin ilk 10 ayında 20%-ə enib. Səkkiz il əvvəl vergi islahatları paketi təqdim edilərkən məhz belə nəticələrin əldə olunacağı nəzərdə tutulmuşdu”.
Nazir qeyd edib ki, qeyri-neft-qaz ixracının strukturunda və həcmində mühüm dəyişikliklər baş verir:
“2026-cı ilin gözlənilən nəticələri nəzərə alınmaqla, qeyri-neft-qaz ixracının 2018-ci illə müqayisədə 2,5 dəfə artacağı proqnozlaşdırılır. Cari ilin ilk 10 ayında qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb. Bunun 61%-ni sənaye məhsulları təşkil edir. İlin yekunlarına görə, qeyri-neft-qaz məhsullarının ixracının 4,2 milyard dollardan çox olacağı gözlənilir.
İxracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şura tərəfindən yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılır. Bu paket çərçivəsində Bakı və Abşeron iqtisadi rayonlarından kənarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin kreditləri üzrə faizlərin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətlərinin limiti isə 20%-dən 50%-ə qaldırılmışdır.
Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını əlavə depozit hesabına ödəmək imkanı yaradılıb. 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.
İxracatçıların nəqliyyat xərclərinin 70%-i, mikro, kiçik və orta sahibkarlıq subyektləri olan ixracatçıların isə sərhəd rəsmiləşdirilməsi üzrə xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya olunacaq.
Gələn ildən etibarən azad iqtisadi zonalarda istehsal olunan məhsulların ən azı 50%-nin ixrac edilməsi şərti ilə həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulur”.
Safura Bənnayeva
Globalinfo.az