dollar manat

“2026-cı ilin ilk 10 ayının nəticələrinə əsasən, illik inflyasiya 5,2% təşkil edib. Bu göstərici Mərkəzi Bankın hədəf diapazonuna uyğundur. Bizim oktyabr proqnozlarımıza əsasən, orta illik inflyasiyanın 5,3% olacağı gözlənilir. Mərkəzi Bankın 2027–2028-ci illəri əhatə edən ortamüddətli proqnozlarına görə, qlobal iqtisadi şəraitdən irəli gələn çağırışlara baxmayaraq, ölkəmizdə iqtisadi artımın davam edəcəyi gözlənilir”.

Globalinfo.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, ilk 10 ayın nəticələrinə əsasən, iqtisadi artım 1,7% təşkil edib:

“Qeyri-neft-qaz sektorunda artım isə 2,9% səviyyəsində formalaşıb. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ildə neft sektorunda artımın 3%, qeyri-neft-qaz sektorunda isə 4,3% olacağı gözlənilir.

Xarici sektora gəldikdə, mövqeyimiz əlverişlidir. Bildiyiniz kimi, 9 aylıq gömrük statistikasına əsasən, xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları səviyyəsində formalaşıb. Cari əməliyyatlar balansının 6 aylıq göstəricilərinə baxdıqda isə 4,7 milyard ABŞ dolları həcmində profisit müşahidə olunur. Bu da ümumi daxili məhsulun 3,4%-i deməkdir”.

AMB sədri bildirib ki, 2026-cı ilin sonuna cari əməliyyatlar balansının profisitinin 8,5 milyard ABŞ dolları olacağı gözlənilir:

“2027-ci ilin sonuna isə cari əməliyyatlar balansında 5,5 milyard ABŞ dolları ətrafında profisit formalaşacağı proqnozlaşdırılır. Ölkəmizin strateji valyuta ehtiyatları 4,1% artaraq, ilk 10 ayın nəticələrinə əsasən, 88,6 milyard ABŞ dollarına çatıb. Bu, kifayət qədər böyük həcmdə yığım deməkdir. Strateji valyuta ehtiyatlarımız 40 aylıq mal və xidmət idxalının ödənilməsinə kifayət edir. Bu ehtiyatlar geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir. Bu, ölkəmiz üçün böyük maliyyə imkanları və xarici şoklara qarşı ciddi təhlükəsizlik yastığı deməkdir. Sözsüz ki, bu nəticələri Prezidentin rəhbərliyi ilə həyata keçirilən ümumi iqtisadi siyasət nəticəsində əldə edə bilmişik”.

T.Kazımov əlavə edib ki, valyuta bazarlarında, həm nağd, həm də nağdsız seqmentlərdə təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib:

“Vətəndaşların manatla yığımlarının, o cümlədən bank sektorundakı əmanətlərinin artımı davam edir. Dollarlaşma səviyyəsi illik ifadədə 3,3 faiz bəndi azalaraq 25,2%-ə enib. Bu, tarixi minimum göstəricidir. Ümumiyyətlə, 2021-ci ilin sonu ilə müqayisədə dollarlaşma səviyyəsi 15,4 faiz bəndi azalıb. Bununla yanaşı, Mərkəzi Bankın valyuta ehtiyatları cari ilin ilk 10 ayının nəticələrinə əsasən 34% artıb. Neft ixracının həcmi isə 3,9 milyard ABŞ dolları artaraq 15,4 milyard ABŞ dollarına yüksəlib. Bu da ölkəmiz üçün tarixi maksimum göstəricidir.

Bank sektoru izafi struktur likvidliyi şəraitində fəaliyyət göstərib. İlin əvvəlindən bank sektorunun izafi likvidliyinin səviyyəsi 2,2 dəfə artıb. Mərkəzi Bankın məcburi ehtiyat tələbləri üzrə öhdəliklər yerinə yetirildikdən sonra bank sektorunda 4,6 milyard manat həcmində sərbəst vəsait qalığı müşahidə olunur. Həmin vəsaitləri real sektorun maliyyələşdirilməsinə yönəltmək mümkündür”.

Sədrin sözlərinə görə, bank sektoruna gəldikdə, cari ilin ötən dövründə də maliyyə dayanıqlığı qorunub:

“Bank sektorunda kapital adekvatlığı 16,5%-ə çatıb.  Likvidliyin örtülməsi əmsalı 153% səviyyəsində formalaşıb. Normanın 100% olduğu şəraitdə kredit portfelinin keyfiyyət göstəricisi, yəni problemli kreditlərin payı 2,7% təşkil edib. Bu da kifayət qədər qənaətbəxş nəticədir. Kredit portfelinə gəldikdə isə, ilk 10 ayın nəticələrinə əsasən, ümumi kredit portfeli 14%, o cümlədən biznes kreditləri 17,1% artıb. Onu da qeyd etmək lazımdır ki, 2021-ci ilin sonu ilə müqayisədə ümumi kredit portfelində biznesə verilən kreditlərin həcmi iki dəfə artıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: