ehali

Son dövrlər informasiya məkanında yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradır. “İnternet çökəcək”, “ABŞ-da təyyarələr uçmur”, “Microsoft işləmir”, “kriptovalyutalar dəyər itirir” kimi başlıqlar bəzən real texniki problemləri qlobal fəlakət təsiri bağışlayan hadisələrə çevirir. Xüsusilə belə xəbərlərin sürətlə yayılması insanlarda təşviş yaradır, maliyyə bazarlarına və gündəlik qərarlara təsirsiz ötüşmür. Müğənni Nura Suri də sosial şəbəkə hesabında bu məsələyə toxunaraq insanları hər xəbərə dərhal inanmamağa, məlumatı yoxlamağa və panikaya qapılmamağa çağırıb. Sənətçinin fikirləri isə daha geniş bir sualı gündəmə gətirib.

Müasir informasiya mühitində qorxu və təşviş nə dərəcədə məqsədli şəkildə yaradılır? Bundan kimlər faydalanır?

Globalinfo.az-a danışan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev deyib ki, bu, bəzən məqsədli şəkildə yaradılır və ictimai rəyə təsir vasitəsinə çevrilir:

“Sensasiyalı xəbərlərdən daha çox izləyici və gəlir qazanmaq istəyən media resursları, eləcə də siyasi, iqtisadi maraq qrupları faydalana bilər. Belə məlumatlar insanların emosional qərarlar verməsinə, maliyyə bazarlarında panikaya və cəmiyyətdə etimadsızlığın artmasına səbəb olur. Texniki nasazlıqlar real ola bilər, lakin ayrı-ayrı problemlərin miqyasının şişirdilərək “qlobal fəlakət” kimi təqdim edilməsi informasiya manipulyasiyasıdır. Məsələn, bir aviaşirkətdə uçuşların gecikməsini bütün ABŞ aviasiyasının dayanması kimi göstərmək cəmiyyətdə əsassız təşviş yaradır”.

el

Əpoş Vəliyev

Mütəxəssis bildirib ki, müasir dövrdə informasiya təhlükəsizliyi yalnız kiberhücumlardan qorunmaqla məhdudlaşmır:

“Eyni zamanda, cəmiyyətin psixoloji dayanıqlığının qorunmasını tələb edir. İnsanlar xəbərlərə emosional deyil, tənqidi yanaşmalı, məlumatın ilkin mənbəyini və etibarlılığını yoxlamalı, təsdiqlənməmiş xəbərləri paylaşmaqdan çəkinməlidirlər. Çünki bəzən real hadisənin özündən daha təhlükəli olan onun ətrafında yaradılan süni panikadır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: