İsrailin xarici kəşfiyyat xidməti MOSSAD ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) Prezident Donald Trampa qarşı mümkün sui-qəsd cəhdinin hazırlanması barədə məlumatlandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Israel Hayom” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, İranın ABŞ prezidentinə və onun administrasiyasına qarşı hücum hazırladığı barədə məlumat başqa bir Qərb kəşfiyyat qurumu tərəfindən də təsdiqlənib. Ehtimal olunan hücum vasitələri arasında partlayıcılarla təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) göstərilir.
Məlumata əsasən, MOSSAD-ın rəhbəri Roman Qofman hazırda ABŞ-da səfərdədir və bu çərçivədə MKİ direktoru Con Retkliff ilə görüş keçirib.
İddialara görə, artıq bir sıra yüksək vəzifəli ABŞ rəsmilərinin mühafizə olunan obyektlərə köçürülməsi barədə qərar verilib.
Onların arasında maliyyə naziri Skott Bessent, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset də var.
Bundan başqa, Donald Trampın ictimai çıxışlarının qeyri-müəyyən müddətə məhdudlaşdırıldığı bildirilir.
Safura Bənnayeva
Globalinfo.az