Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin tamamilə kəsilməsi ehtimalı istisna edilmir. Ölkənin enerji sistemində yaranmış ağır vəziyyət şəhərin elektrik təchizatını ciddi təhlükə altına qoyub.
Globalinfo.az-ın məlumatına görə, bu barədə Ali Radanın deputatı Aleksey Kuçerenko danışıb.
Deputat bildirib ki, hazırda ən yaxşı ssenari paytaxtın tamamilə işıqsız qalmamasıdır. Bununla belə, belə bir vəziyyətin yaranması real ehtimal olaraq qalır.
“Əgər məndən nikbin bir fikir söyləməyimi istəyirsinizsə, ümid edirəm ki, Kiyev tamamilə elektrik enerjisiz qalmayacaq. Təəssüf ki, belə bir ehtimal mövcuddur”, – deyə Kuçerenko bildirib.
O, paytaxtın elektrik təchizatının heç olmasa əvvəlcədən nəzərdə tutulmuş qrafik üzrə davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.
Deputat, həmçinin istilik təchizatı ilə bağlı risklərin də ötən ilin səviyyəsində qaldığını qeyd edib. Onun sözlərinə görə, qarşıdakı dövrdə Kiyevi həm elektrik enerjisi, həm də istilik təminatı baxımından ciddi çətinliklər gözləyə bilər.
Tahir Turan
Globalinfo.az