
Moskva Avropa ölkələrini Rusiya ilə müharibəyə hazırlıq siyasətindən imtina etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova beynəlxalq müzakirələr zamanı danışıb.
Diplomat Avropa ölkələrinin hazırkı siyasətini tənqid edərək bildirib ki, Moskva ilə mümkün müharibəyə hazırlıq geri dönüşü mümkün olmayan nəticələrə gətirib çıxara bilər.
“Avropa ölkələri Moskva ilə müharibəyə hazırlıq kursundan imtina etməlidirlər. Rusiya ilə müharibəyə başlasalar, heç nə əldə etməyəcəklər. Onlar geri dönüşün mümkün olmadığı uçurumun kənarından cəmi bir addım uzaqdadırlar”, – deyə Jdanova vurğulayıb.
O, Rusiyanın Avropa ilə müharibə aparmaq niyyətində olmadığını və NATO üzvü olan ölkələrə hücum planlaşdırmadığını da bəyan edib. Jdanovanın sözlərinə görə, Moskva bu mövqeyini hətta yazılı şəkildə təsdiqləməyə hazırdır.
Diplomat əlavə edib ki, Rusiya Avropa ölkələri ilə təhlükəsizlik sahəsində maraqlar balansının tapılmasında maraqlıdır. Lakin onun fikrincə, Avropa dövlətləri qarşılıqlı təhlükəsizlik məsələlərində Moskvanın narahatlıqlarını nəzərə almırlar.
Tahir Turan
Globalinfo.az