27 sentyabrdan Vətən müharibəsində iştirak edən tibb xidməti kapitanı, hazırda həkim-cərrah kimi fəaliyyət göstərən Dünyamir Hüseynli müharibə zamanı qarşılaşdıqları çətin anlarla bağlı xatirələrini bölüşüb.
Globalinfo.az-a danışan Dünyamir Hüseynli 44 gün ərzində yaşadıqları hadisələrdən bəhs edib:
“Füzuli döyüşləri zamanı ikinci tabor döyüşə çıxmışdı. Döyüş əmri veriləndən təxminən bir saat sonra komandanlıqdan məlumat daxil oldu ki, ikinci taborun yaralısı var. Bu məlumat radiostansiya vasitəsilə tibb xidmətinə ötürüldü.
Həmin vaxt mən, dostum Taleh Əhmədli, gizir Elçin Məmmədov və sürücü əsgər Mədətov birlikdə idik. Yaralının təxliyəsi üçün yola düşdük. Vəziyyət kifayət qədər mürəkkəb idi. Hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyev yüksəklikdən bizim hərəkətimizi istiqamətləndirirdi. Addım-addım, metr-metr göstəriş verirdi: irəliləyin, dayanın, gözləyin, sağa və ya sola çəkilin.
Nəhayət, yaralının olduğu yerə çatdıq və onu götürərək maşına yerləşdirdik. Lakin həmin an təhlükəli vəziyyət yarandı. Gördük ki, düşmənin təxminən bir-iki taqım, bəlkə də bir bölük qüvvəsi yüksəkliklərdə mövqe tutub. Onlar bizdən daha yüksəkdə idilər. Yaralını maşına yerləşdirən kimi bizə atəş açmağa başladılar. Demək olar ki, mühasirəyə düşmək təhlükəsi ilə üzləşdik”.
D.Hüseynli bildirib ki, vaxtında maşına çata bilməsəydilər, düşmən atəşinə tuş gələ bilərdilər:
“Biz yaralı ilə birlikdə dərhal özümüzü zirehli maşına çatdırdıq. Maşınımız “SandCat” markalı zirehli texnika idi. İçəri keçdikdən sonra radiostansiya vasitəsilə hərbi hissə komandiri ilə əlaqə saxladıq. Vəziyyət belə idi: aşağı hissədə bizim hərbi hissənin taqımı və bölüyü, yuxarıda isə düşmən qüvvələri yerləşirdi. Arada qalmışdıq və irəliləmək olduqca çətin idi. Bir qədər geciksəydik, düşmən daha ağır silahlardan istifadə edərək texnikamızı məhv edə bilərdi.
Biz tibb işçisi olsaq da, döyüş şəraitində texnikadan istifadə etməyi də öyrənmişdik. Mən radiostansiya vasitəsilə əlaqə saxlayarkən, gizir Elçin Məmmədov yaralıya tibbi yardım göstərirdi. Dostum Taleh Əhmədli isə maşının arxa hissəsində yerləşən silahın idarəetmə qurğusunun arxasına keçdi”.
Döyüş iştirakçısı qeyd edib ki, düşmən qüvvələri onların arxa tərəfində, yüksəklikdə yerləşirdi:
“Taleh silahın lüləsini həmin istiqamətə çevirərək düşmənə intensiv atəş açdı. Demək olar ki, maşındakı bütün sursatdan istifadə etdik. Nəticədə həm mühasirə təhlükəsindən çıxa bildik, həm yaralını təxliyə etdik, həm də öz bölməmizin vəziyyətdən çıxmasına kömək göstərdik.
Düşmənlə aramızdakı məsafə çox az idi. Bir-birimizi aydın şəkildə görə bilirdik. Belə bir vəziyyətdə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışdıq və müəyyən şücaət göstərdik. Ən əsası, əməliyyat uğurla nəticələndi. Yaralımızı ərazidən çıxara bildik və onu sağ-salamat hospitala çatdırdıq”.
Dünyamir Hüseynli özü ilə bağlı maraqlı faktı açıqlayıb:
“Azərbaycan Ordusunda tank minasına düşüb sağ qalan, bundan sonra hospitalda yatmadan yenidən müharibəyə qayıdaraq döyüşlərdə iştirak edən yeganə adam bəlkə də mənəm. Bunu yanımda olan döyüşçülər də təsdiq edər. Tank minasından sağ çıxmaq hər adamın bacaracağı iş deyil”.
Dünyamir Hüseynli müharibə zamanı çəkiliş aparan şəxslərin də döyüş bölgəsində irəlilədiyini, lakin özünün buna vaxt tapa bilmədiyini söyləyib:
“Orada vəziyyət elə idi ki, iki-üç qrup var idi. Bir qrup döyüşürdü, digər qrup isə həm döyüşür, həm də videokamera ilə çəkiliş aparırdı. Ən çox irəli gedənlər də çəkiliş aparanlar idi. Mənim isə çəkiliş etməyə heç vaxtım olmurdu. Bizim üçün elə bir vəziyyət yaranmışdı ki, 24 saatın necə keçdiyini hiss etmirdim. Nə vaxt yatdığımı, nə vaxt oturduğumu, nə vaxt yemək yediyimi belə bilmirdim. Ümumiyyətlə, buna vaxtımız olmurdu. Müharibə başlayan ilk gündən döyüş nöqtəsində olmuşam. Çox ağır günlərdən keçdik. O günlər artıq geridə qalıb, biz qələbə əldə etmişik. Ali Baş Komandana, şəhidlərimizə, bütün döyüşən yoldaşlara təşəkkür edirəm! Zəfərimiz mübarək olsun!”
Zaira Akifqızı
Globalinfo.az