9641cb59 2a74 4e06 9f35 20c170112165

Siqaret qaçaqmalçılığı ilə bağlı təqsirləndirilənlərdən biri Fariz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Globalinfo.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmədə ifadə verənlərdən biri isə Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun sabiq rəisi, cinayət işi üzrə ittiham olunanlardan biri Fərid Usubov olub.

Fərid Usubov Fariz Məhərrəmovu tanımadığını vurğulayıb:

“Mən limanda post rəisi işləmişəm. İşim gələn yüklərin rəsmiləşdirilməsi və bölgüsü idi. Aprelin 24-də konteynerlərin gəmi ilə yüklənib yola salınmasından xəbərim olmayıb. Mənə yanlış məlumat verilə bilərdi, amma o vaxta kimi belə hallarla qarşılaşmamışdım”.

Siqaret qaçaqmalçılığı işi üzrə təqsirləndirilənlərdən biri olan Rövşən Tarverdiyev də Fariz Məhərəmovu tanımadığını, iş üzrə sözügedən 6-7 sotluq açıq sahəni anbar kimi istifadə etdiyini bildirib.

Şahid bildirib ki, xidmət rəisi olub və Rəşad Daşdəmirovun göstərişlərini icra edib:

“Rəşad Daşdəmirov mənə dedi ki, cinayət məsuliyyətinə cəlb olunsam, narahat olmayım, məsələni həll edəcəklər. Hətta 150 minlik kreditimi ödəyəcəyini vəd etmişdi.”

Prosesdə dövlət ittihamçısı Zaur Həşimovun ibtidai istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğunu bildirib və onun əvvəlki ifadəsi elan olunub.

İfadədə Z.Həşimov gəmidə yükün gəldiyini əvvəldən bildiyini, Rəşad Daşdəmirovun və digər məsul şəxslərin tapşırıqları ilə hərəkət etdiyini etiraf edib.

Məhkəmənin növbəti prosesi 27 noyabrda keçiriləcək.

Qeyd edək ki, Fariz Məhərrəmov aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərindən biri kimi təqdim olunub. Onunla bağlı cinayət işi ayrıca icraata verilib.

Fariz Məhərrəmov barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılıb. Ona Cinayət Məcəlləsinin 206.4 (qaçaqmalçılıq-xüsusilə külli miqdarda) və 213-1.2.1-ci (mütəşəkkil dəstə halında külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) və 213-1.2.3-cü (aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi, qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə yekun ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş: