Azərbaycanda ikinci əl avtomobillərin satışında ƏDV hesablanması qaydası dəyişə bilər. Təklifə əsasən, rəsmi dilerlər istehsal tarixi 5 ildən çox olmayan və yalnız nağdsız qaydada əldə edilmiş ikinci əl avtomobilləri satarkən ƏDV-ni avtomobilin ümumi satış qiymətindən deyil, yalnız ticarət əlavəsindən hesablayacaqlar. Yeni prosedurun 3 il müddətinə tətbiqi nəzərdə tutulur.
Bu dəyişiklik ikinci əl avtomobillərin qiymətinə necə təsir edəcək? Alıcılar daha ucuz avtomobil əldə edə biləcəklərmi? Yeni qayda avtomobil bazarında qiymətlərə necə təsir göstərəcək?
Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov hesab edir ki, ikinci əl avtomobillərin satışında ƏDV-nin yalnız dilerlərin ticarət əlavəsindən hesablanması müsbət addımdır:
“Bu dəyişiklik rəsmi dilerlərin vergi yükünü bir qədər azaldacaq və onların ikinci əl avtomobil bazarında iştirakını stimullaşdıracaq. Vətəndaşlar üçün də müəyyən üstünlüklər gözlənilir. Belə ki, avtomobilləri rəsmi dilerlərdən almaq, texniki vəziyyəti yoxlanılmış və zəmanətli avtomobillərə sahib olmaq imkanları genişlənəcək”.
Ekspertin sözlərinə görə, vergi yükünün azalması avtomobil qiymətlərinin avtomatik olaraq aşağı düşəcəyi anlamına gəlmir:
“Burada əsas məsələ tətbiq olunan güzəştin həm dilerlərə, həm də istehlakçılara fayda verməsidir. Hesab edirəm ki, gələcəkdə bu mexanizmin yaşı 5 ildən çox olan avtomobillərə də şamil edilməsi məqsədəuyğun ola bilər”.
Zaira Akifqızı
Globalinfo.az