bina1

Bakıda çoxmərtəbəli yaşayış binalarında elektrik naqilləri ilə bağlı yanğın hadisələri təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Nərimanov rayonunda, Əliyar Əliyev küçəsində yerləşən 16 mərtəbəli binanın şaxtasında elektrik naqilləri yanıb, sakinlər təxliyə olunub. Belə hadisələr Mənzil-Tikinti Kooperativilərinin (MTK) tikinti və istismar zamanı təhlükəsizlik tələblərinə nə dərəcədə əməl etməsi məsələsini də aktuallaşdırır.

MTK-lar çoxmərtəbəli binalarda elektrik sistemlərinin təhlükəsizliyinə görə hansı məsuliyyəti daşıyırlar? Belə yanğınların qarşısını almaq üçün MTK-lar binalarda hansı texniki yoxlamaları mütəmadi aparmalıdırlar?

Globalinfo.az-a danışan Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov deyib ki, hər il yeni tikilmiş binalarda elektrik naqillərinin alışması nəticəsində bədbəxt hadisələr baş verir:

“Ötən il Yasamal rayonunda baş verən yanğın zamanı üç nəfər həyatını itirib. Bu cür hadisələr MTK-larda nəzarətsizlik və özbaşınalıqdan qaynaqlanır. Binaların idarə olunması üçün sakinlərdən kifayət qədər böyük vəsait toplansa da, bu işi həyata keçirən ixtisaslaşmış mütəxəssislər yoxdur. Nəticədə yaşayış komplekslərini təsadüfi şəxslər idarə edir və belə problemlər ortaya çıxır. Əsas suallardan biri də elektrik naqillərinin təhlükəsizliyinə kimin nəzarət etməsi və onların vaxtaşırı yoxlanılıb-yoxlanılmamasıdır. Faktiki olaraq, problem idarəetmə sistemindəki özbaşınalıqdan qaynaqlanır. İstər fiziki, istərsə də hüquqi şəxs, yaxud komendant səviyyəsində olsun, bu idarəetmə boşluğunun zərərini sakinlər çəkir. Hətta belə hallar insanların həyatını itirməsi ilə nəticələnir. Nərimanovdakı son hadisənin baş verdiyi yaşayış kompleksində ümumilikdə 900 mənzil var. Orada orta hesabla 2500-3000 nəfər yaşayır. Bundan əlavə, kompleksdə çoxsaylı kommersiya obyektləri fəaliyyət göstərir. Hadisə nəticəsində bütün bu mənzillər və obyektlər elektrik enerjisiz qalıb. Bərpa işləri ən azı bir həftə davam edərsə, sakinlərin bir müddət evlərini tərk etmək məcburiyyətində qalması mümkündür. Söhbət minlərlə insanın gündəlik həyatının pozulmasından gedir. Üstəlik, problemin digər fəsadlarını da nəzərə almaq lazımdır”.

elnur azadov

Elnur Azadov

Ekspert bildirib ki, hər kəs bu problemin mövcudluğunu görür, etiraf edir, lakin eyni hallar təkrar-təkrar baş verir:

“Ölkədə 3000-ə yaxın çoxmənzilli bina var və onların demək olar ki, hamısında idarəetmə qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmir. Qanunvericiliyə əsasən, bina istismara qəbul aktı aldıqdan sonra tikinti şirkətinin idarəetmə funksiyası başa çatır. Bundan sonra bina MTK yaxud MMC formasında müştərək cəmiyyətə çevrilməli və sakinlərin idarəçiliyinə təhvil verilməlidir. Eyni zamanda, tikinti şirkəti binanın ayrı-ayrı qurğu və hissələrinə zəmanət verməlidir. Təəssüf ki, bu tələbləri bilən də, icra edən də yoxdur.

Bu sahədə kifayət qədər təcrübəsi olan ekspert kimi deyə bilərəm ki, ölkədə yeni tikilmiş çoxmənzilli binaların cəmi 10 faizə yaxınında müştərək cəmiyyət yaradılıb. Hətta müştərək cəmiyyət yaradılan binalarda belə, bəzi şəxslər bundan sui-istifadə edirlər. Ölkədə çoxmənzilli binaların idarə edilməsində hökm sürən özbaşınalığın əsas səbəbi mənimsəmədir. Belə ki, sakinlərdən böyük məbləğdə vəsait toplanır, lakin həmin vəsait müxtəlif yollarla mənimsənilir. Nəticədə sakinlərin özlərindən yığılan pullar onların maraqlarına zidd şəkildə istifadə olunur. Halbuki qanunvericilikdə müəyyən nəzarət mexanizmləri nəzərdə tutulub, sadəcə, onlar tətbiq edilmir. Qanunun tələbinə görə, heç bir çoxmənzilli yaşayış binası nəzarətsiz qala bilməz. Bu sahəyə nəzarət isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətlərinə aiddir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: