İsrail hərbi kəşfiyyatının (AMAN) keçmiş əməkdaşı, hərbi təhlükəsizlik məsələləri üzrə ekspert Danni Citrinoviç ABŞ və İsraili İran rəhbərliyinin mövqeyini düzgün qiymətləndirməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Caucasian Live” məlumat yayıb.
Citrinoviç bildirib ki, İranın ali dini lideri Müctəba Xameneinin hərbi komandanlıqla görüşü və onun adından yayımlanan mesajlar Tehranın mövqeyinin ciddiliyini göstərir. Onun sözlərinə görə, İranın yüksək siyasi və hərbi elitası vahiddir və hakimiyyət daxilində parçalanma yoxdur.
“İran elitası, prezident də daxil olmaqla, vahiddir və bölünməyib. Onlar sadəcə pis və yaxşı polis rolunu oynayırlar. İranda Delsi Rodriges kimi bir fiqurun meydana çıxacağını gözləyənlər strateji olaraq yanılırlar”, – deyə ekspert vurğulayıb.
Citrinoviç hesab edir ki, İran rəhbərliyi mövcud qarşıdurmanı ekzistensial təhlükə kimi qəbul edir və buna görə də mümkün zərbələrə qarşı müqavimət göstərmək iradəsinə malikdir. O, İranın bölgədə genişmiqyaslı eskalasiyaya səbəb ola biləcək imkanlarının olduğunu da qeyd edib.
Ekspertin fikrincə, İran son 47 ildə indiki qədər ciddi mövqe nümayiş etdirməyib:
“Körfəz ölkələri müharibənin qarşısını almaq üçün səylərini artırsa da, Tehranla Vaşinqtonun mövqelərindəki fərq əvvəlkindən daha dərindir. Hər iki tərəf qarşı tərəfdən güzəşt gözləyir”.
Ekspert yaxın günlərdə Yaxın Şərqdə gərginliyin davam edəcəyini istisna etməyib. O, ABŞ və İsraili İranın təhdidlərini ciddi qəbul etməyə və ölkənin siyasi-hərbi elitası ilə bağlı yanlış strateji hesablamalardan çəkinməyə çağırıb.
Əliyar Xəlil
Globalinfo.az