su

Türkiyənin şimalında yerləşən Tokat şəhərində son üç gün ərzində təxminən 5000 sakin ürəkbulanma, qarın ağrısı və ishal şikayətləri ilə yerli xəstəxanalara müraciət edib. Mütəxəssislər içməli su nümunələri götürərək şikayətlərin mənbəyini müəyyənləşdirmək üçün Ankaraya göndəriblər.  Hadisə fonunda Azərbaycanda da sosial şəbəkələrin yerli seqmentində suyun keyfiyyəti və çirkli sudan istifadə nəticəsində sağlamlıq problemlərinin yarana biləcəyi ilə bağlı iddialar səsləndirilir.

İçməli suyun çirklənməsi hansı təhlükələr yarada bilər? Azərbaycanda suyun keyfiyyətinə nəzarət necə həyata keçirilir?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, suyun şəffaf, rəngsiz və qoxusuz olması onun təmiz, təhlükəsiz olduğunu göstərmir:

“Görünüşünə, dadına və qoxusuna əsasən suyun içmək üçün yararlı olduğunu müəyyənləşdirmək düzgün deyil. Çünki suda insan sağlamlığı üçün təhlükə yaradan, gözlə görünməyən mikroorqanizmlər və kimyəvi maddələr mövcud ola bilər. Suya kanalizasiya suları, heyvan tullantıları və çirklənmiş torpaq vasitəsilə bağırsaq çöpü (E.coli) kimi bakteriyalar düşə bilər. Hepatit və kəskin bağırsaq infeksiyalarına səbəb olan bəzi viruslar, həmçinin qyardiya kimi parazitlər su vasitəsilə yayılır, müxtəlif xəstəliklərə yol açır. Bundan başqa, qurğuşun, arsen, civə kimi ağır metallar, nitratlar, nitritlər, pestisidlər və digər kimyəvi maddələr də suyun tərkibində ola bilər. Bu çirkləndiricilər təbii mənbələrdən, kənd təsərrüfatından, sənaye tullantılarından və kanalizasiya sızmalarından suya qarışa bilər. Xüsusilə nitrat və nitritlərin yüksək konsentrasiyası körpələr və azyaşlı uşaqlar üçün təhlükə yaradır. Suda bəzi mineralların və duzların, eləcə də flüor və arsen kimi təbii mənşəli maddələrin normadan artıq olması da sağlamlıq üçün risklidir”.

cemsid e1756933024190

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, bulaq, quyu və kran sularının hər birinin özünəməxsus çirklənmə riskləri var:

“Dağlardan gələn soyuq və şəffaf bulaq suları belə, tam təhlükəsiz hesab edilə bilməz. Bulağın yuxarı hissəsində heyvanların otlaması, yaşayış evlərinin və kanalizasiya sistemlərinin mövcudluğu, eləcə də güclü yağışlar suyun mikrobioloji çirklənməsinə səbəb olur. Bəzi ərazilərdə suyun yeraltı geoloji laylardan keçməsi də onun tərkibinə təsir göstərir. Quyu suları da düzgün qurulmadıqda, qapağı və divarları zədələndikdə, yaxınlıqda çirkab su mənbələri olduqda çirklənə bilər. Xüsusilə çay kənarlarında yerləşən quyulara müxtəlif mənbələrdən çirkab suların sızması riski var. Buna görə də quyu suyunun içmək üçün yararlı olub-olmadığı laborator analizlə müəyyənləşdirilməlidir.

Mərkəzləşdirilmiş su təchizatı sistemində təmizlənən və dezinfeksiya edilən kran suları, bir qayda olaraq, içmək üçün nəzərdə tutulur. Lakin su təchizatı sistemindəki nasazlıqlar, boruların korroziyaya uğraması, qəzalar və evlərdəki köhnə borular suyun keyfiyyətini poza, onun tərkibinə qurğuşun kimi zərərli maddələrin qarışmasına səbəb ola bilər”.

Mütəxəssis qeyd edib ki, suyun təhlükəsizliyini təmin etmək üçün yalnız onun görünüşünə əsaslanmaq olmaz:

“İstifadə olunan suyun keyfiyyəti rəsmi laborator analizlər vasitəsilə yoxlanılmalı və mütəxəssis rəyi əsasında qiymətləndirilməlidir. Suyun qaynadılması onun tərkibindəki xəstəliktörədici bakteriyaların, virusların və digər mikroorqanizmlərin əksəriyyətini məhv etməyə kömək edir. Lakin bu üsul suyu bütün təhlükələrdən təmizləmir. Qaynatma ağır metalları, nitratları, pestisidləri və bir çox digər kimyəvi çirkləndiriciləri sudan kənarlaşdırmır. Əksinə, suyun bir hissəsi buxarlandığı üçün bəzi həll olmuş maddələrin konsentrasiyası arta bilər. Buna görə də suyun qaynadılması onun bütün hallarda içmək üçün təhlükəsiz olmasına zəmanət vermir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: