Bina baki manat 111 900x592 1

Uşağın doğulması ilə bağlı maddi dəstək məsələsi müzakirə olunanda adətən dövlət tərəfindən verilən müavinətlər yada düşür. Lakin bildirilir ki, bütün yük dövlətin üzərinə düşməməlidir. Məsələn, Rusiyada 227 şirkət uşağı dünyaya gələn əməkdaşlarına 1 milyon rubl (təxminən 19 min manat) məbləğində birdəfəlik ödəniş etməyi nəzərdə tutan təşəbbüs irəli sürüb. Bu addım özəl sektorun doğum səviyyəsinin artırılmasına və ailələrin dəstəklənməsinə yönələn təşəbbüslərdə iştirakını gündəmə gətirib.

Azərbaycanda da özəl şirkətlər əməkdaşlarının uşağı dünyaya gəldikdə belə təşəbbüslə çıxış edə, onlara böyük məbləğdə birdəfəlik ödəniş verə bilərmi? Bunun üçün qanunvericilikdə hər hansı məhdudiyyət varmı?

Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov deyib ki, uşağın dünyaya gəlməsi münasibətilə özəl şirkətlər tərəfindən maddi dəstək göstərilməsi təcrübəsi var:

“Belə təşəbbüslər ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Şirkətlər yalnız uşağın doğulması ilə bağlı deyil, digər özəl günlərdə də əməkdaşlarını müxtəlif hədiyyə və yardımlarla sevindirə bilirlər. Bu, toy, uşağın dünyaya gəlməsi, ad günü və digər əlamətdar günlərlə bağlı ola bilər. Bununla bağlı qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Şirkətin maliyyə dayanıqlığı və gəlirliliyi varsa, bu cür xərclər onun maliyyə dövriyyəsinə problem yaratmırsa, eləcə də əməkdaş şirkətin fəaliyyətində uğurla iştirak edirsə, belə təşəbbüslər həyata keçirilə bilər. Azərbaycanda da bu cür hallar var və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb”.

fuad ibrahimov

İqtisadçı bu dəstəyin daimi xarakter daşımadığını bildirib:

“Şirkətin əməkdaşa uşağın doğulması münasibətilə verdiyi birdəfəlik yardım dövlət tərəfindən uşağın müəyyən yaşına qədər aylıq ödənilən müavinətlə, yəni uşaqpulu ilə eyniləşdirilməməlidir. Bu, birdəfəlik maddi yardım ola bilər. Məbləğ isə, əlbəttə ki, şirkət rəhbərliyinin qərarından asılıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: