Oktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Media Forumu keçirilib. Forumda üzv dövlətlərin hökumət və media qurumlarının nümayəndələri, media menecerləri və digər mütəxəssislər iştirak edib.
Tədbirdə media vasitəsilə qarşılıqlı etimadın gücləndirilməsi, etibarlı və qərəzsiz informasiya, həmçinin süni intellekt və sosial medianın informasiya məkanına təsiri müzakirə olunub.
AQEM Media Forumunun “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda keçirilməsini regionda artan informasiya qarşıdurmaları fonunda hansı mesajları verir? Süni intellekt və sosial media platformalarının informasiya məkanına təsirinin artdığı bir dövrdə media vasitəsilə dövlətlər və cəmiyyətlər arasında qarşılıqlı etimadın gücləndirilməsi üçün nə kimi addımlar atılmalıdır?
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, müasir dünyada informasiya məkanı artıq yalnız xəbərlərin yayıldığı sahə deyil, dövlətlərin və cəmiyyətlərin münasibətlərinə birbaşa təsir göstərən mühüm strateji müstəvidir:
“Geosiyasi rəqabətin, informasiya qarşıdurmalarının və rəqəmsal manipulyasiyaların artdığı bir vaxtda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumunun məhz Bakı şəhərində təşkil olunması ölkəmizin çoxtərəfli əməkdaşlıq və dialoq platformalarının inkişafına verdiyi töhfənin göstəricisidir. Bu gün informasiya müharibələrinin əsas hədəflərindən biri məhz cəmiyyətlərin etimad mühitidir. Dezinformasiya, manipulyativ kontent, saxta xəbərlər və müxtəlif maraqların təsiri altında formalaşdırılan informasiya kampaniyaları dövlətlərarası münasibətlərə və ictimai sabitliyə mənfi təsir göstərə bilər. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, etibarlı və məsuliyyətli media yalnız peşəkar jurnalistikanın deyil, həm də milli və regional informasiya təhlükəsizliyinin mühüm elementidir.
Azərbaycan üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin üzləşdiyi informasiya təzyiqləri və Qarabağ münaqişəsi dövründə formalaşmış yanlış informasiya narrativləri göstərdi ki, beynəlxalq ictimaiyyətə həqiqətlərin çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bugün Azərbaycanın informasiya siyasətində əsas məqsədlərdən biri milli maraqları və reallıqları beynəlxalq auditoriyaya daha operativ, obyektiv və peşəkar şəkildə təqdim etməkdir. Digər tərəfdən isə süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya məkanında yeni imkanlarla yanaşı, yeni risklər də yaradır. “Deepfake” texnologiyaları, saxta görüntü və səslərin hazırlanması, avtomatlaşdırılmış dezinformasiya və sosial media alqoritmlərinin informasiya axınlarına təsiri xəbərin doğruluğunun yoxlanılmasını əvvəlkindən daha vacib edir”.

Aytən Qurbanova
Politoloq bildirib ki, Prezident İlham Əliyevin də vurğuladığı kimi süni intellektdən sui-istifadə yolu ilə saxta informasiya və materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir:
“Belə bir şəraitdə əsas vəzifə texnologiyanın qarşısını almaq deyil, onun məsuliyyətli istifadəsi üçün effektiv mexanizmlər formalaşdırmaqdır. Media qurumları arasında informasiya mübadiləsi və fakt-yoxlama əməkdaşlığı genişləndirilməli, jurnalistlərin rəqəmsal bacarıqları artırılmalı, süni intellektlə yaradılan kontentin müəyyənləşdirilməsi imkanları gücləndirilməlidir. Eyni zamanda, cəmiyyətin media savadlılığının yüksəldilməsi vacibdir. Çünki informasiya təhlükəsizliyi yalnız media institutlarının deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir.
AQEM Media Forumunun əhəmiyyəti də məhz burada ortaya çıxır. Müxtəlif dövlətlərin media nümayəndələrinin eyni platformada bir araya gəlməsi ortaq informasiya problemlərinin müzakirəsinə, təcrübə mübadiləsinə və etibarlı kommunikasiya mexanizmlərinin formalaşdırılmasına imkan yaradır. Həmçinin Azərbaycanın AQEM sədrliyi çərçivəsində belə bir təşəbbüs irəli sürməsi ölkəmizin dialoq, qarşılıqlı etimad və çoxtərəfli əməkdaşlıq məkanı kimi rolunu daha da gücləndirir. Nəticə etibarilə, qütbləşmiş dünyada etimadın qorunması üçün informasiya məsuliyyəti siyasi və texnoloji məsuliyyət qədər vacibdir. Etibarlı informasiya dövlətlər və xalqlar arasında anlaşmanın möhkəmləndirilməsinə xidmət edir. Ona görə də, Bakı Media Forumu yalnız media sahəsində müzakirə platforması deyil, həm də informasiya təhlükəsizliyi, qarşılıqlı etimad və regional əməkdaşlıq baxımından mühüm çoxtərəfli təşəbbüs olaraq qiymətləndirilməlidir”.
Turan Rzayev
Globalinfo.az