27 Sentyabr – Anım Günü ilə əlaqədar keçirilən ümumşəhər tədbiri çərçivəsində Gəncə Memorial Kompleksi ziyarət olunub.
Globalinfo.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhərdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rektorları və digər rəsmilər, şəhid ailələri, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhər ictimaiyyətinin üzvləri Memorial Kompleksə gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Ziyarət zamanı burada ucaldılan abidənin önünə gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu Gəncə Memorial Kompleksi Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərinə raket hücumları nəticəsində həlak olan dinc sakinlərin, o cümlədən uşaqların xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Kompleks raket zərbələrindən birinin baş verdiyi ərazidə inşa olunub və müharibənin acı nəticələrini gələcək nəsillərə çatdıran mühüm memorial məkan kimi fəaliyyət göstərir.
Xatırladılıb ki, 2020-ci ilin oktyabr ayında Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə raket atəşinə tutulub. Hücumlar nəticəsində 6-sı uşaq olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər yaralanıb.
Ziyarət çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə şəhərinin raket atəşinə məruz qalması zamanı zərər çəkmiş və yaxınlarını itirmiş uşaqlarla görüşüb. Görüş zamanı uşaqların qayğıları ilə maraqlanılıb, onların xatirələri dinlənilib.
Ziyarət iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin keçdiyi şərəfli döyüş yolunu və göstərdikləri fədakarlığı ehtiramla xatırlayıb, onların əziz xatirəsinin daim yaşadılacağını vurğulayıblar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

