ocalan

PKK terror təşkilatının 20 ildən çoxdur Türkiyədə həbsdə olan lideri Abdullah Öcalan Silahsızlanma və Strateji Koordinasiya Alt Komitəsində çalışacaq. Bunu Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum jurnalistlərə açıqlamasında deyib.

O, İmralıdakı həbsxanaya bağlı yaşayış yerinin əlavə bölmə kimi tikildiyini vurğulayaraq, bunun Öcalanın prosesdəki rolunu yerinə yetirməsi üçün yaradılan imkan olduğunu qeyd edib.

Uçum bunun “O, azadlığa buraxıldı” kimi şərh edilməsinin doğru olmadığını bildirib:

“Bu, Öcalanla aparılan dialoq prosesidir. Məqsəd terror təşkilatının məhv edilməsini təmin etməkdir”, – baş müşavir vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Abdullah Öcalan açıq şəkildə terrorçudur:

“Bu şəxslərlə heç bir halda sövdələşməyə getmək olmaz. Bunun Türkiyə üçün faydadan çox zərəri var. Türkiyə 30 ildən çoxdur PKK ilə mübarizə aparır, minlərlə şəhid və qazi var.

Ola bilər ki, kimsə bu prosesi sülh və axan qanın dayandırılması məqsədilə həyata keçirir. Amma gəlinəcək nəticədə bu, kürdlərin əlini gücləndirəcək və həmçinin 1990-cı illərin hadisələrini yenidən başlada bilər.

qabil huseynli esas
Qabil Hüseynli

PKK silahı yerə qoysa da, bu, uğur deyil. Əksinə, silahdan daha effektiv vasitələri var. Əgər bu subyekt dağdan parlamentə enəcəksə, o zaman hansı ədalətdən danışmaq olar? Bu, verilən mübarizənin onlar tərəfindən uğurlu yekunudur. Türkiyə üçün isə gələcəkdə daha böyük problem deməkdir.

Terrorçular Bakıdakı kimi məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmalıdır. Onlara parlamentə daxil olmaq imkanı yaratmaq və ya vəzifə vermək olmaz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: