ABŞ-ın Tennessi ştatında, Noksvill yaxınlığında fəaliyyət göstərən Donald Tramp temalı mağaza bağlanır.
Globalinfo.az xəbər verir ki, mağazanın sahibi və əməkdaşları bağlanmanın əsas səbəbinin müştəri axınının kəskin azalması olduğunu bildiriblər.
“Trump Superstore” 2024-cü ilin aprelində açılıb və magistral yolun kənarında yerləşdiyindən üzərində Donald Trampın nəhəng reklam lövhəsi ilə diqqət çəkib.
Hazırda mağazada qalan məhsullar 50 faiz endirimlə satılır.
Mağaza əməkdaşı Dan bildirib ki, obyekt əvvəllər kifayət qədər populyar olub. Ən çox müştəri axını Donald Trampa qarşı 2024-cü ildə törədilən sui-qəsd cəhdindən sonra qeydə alınıb.
Həmin dövrdə mağazaya bir gündə təxminən 86 müştəri gəlib.
Lakin son aylarda vəziyyət dəyişib. Danın sözlərinə görə, insanlar siyasi atributlara pul xərcləməkdənsə, ərzaq və kommunal xərclərini ödəməyə üstünlük verirlər.
“İnsanlar deyirlər ki, bilmirəm, bu ay ərzaq alım, yoxsa elektrik pulunu kredit kartı ilə ödəyim”, – deyə mağaza əməkdaşı bildirib.