Emin Emrullayev 1

“Azərbaycanda rəqəmsal bacarıqların və müasir təhsil imkanlarının genişləndirilməsi istiqamətində son illərdə əhəmiyyətli artım müşahidə olunur. Təhsil sistemində həm uzunmüddətli inkişaf, həm də qısamüddətli nəticələrin əldə olunmasına yönələn yanaşmalar tətbiq edilir”.

Globalinfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” (Baku İnvestment Day) festivalında deyib.

O bildirib ki, təhsil sisteminin inkişafında yalnız müəyyən trendlərə uyğunlaşmaq deyil, fundamental bacarıqların mərhələli şəkildə formalaşdırılması da vacibdir.

Emin Əmrullayev rəqəmsal bacarıqlar layihəsinin inkişafını nümunə göstərərək bildirib ki, layihəyə başlanılan zaman 5 min şagird əhatə olunurdusa, hazırda bu rəqəm 600 minə çatıb. Bu, ümumi təhsil məktəblərindəki şagirdlərin təxminən yarısını təşkil edir.

Nazirin sözlərinə görə, Azərbaycanda STEAM istiqamətində də əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənib. Layihə ilkin mərhələdə təxminən 50 məktəb və bir neçə min şagirdi əhatə etdiyi halda, hazırda 300 mindən çox şagird bu istiqamətə cəlb olunub.

O, son PISA nəticələrinə də toxunaraq bildirib ki, xüsusilə Bakı üzrə riyaziyyat sahəsində nəticələr müsbət dinamika nümayiş etdirir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: