“Polşalı hərbçilər səhvən Ukraynaya məxsus MiQ-29 qırıcısını vura bilərdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanı İreneyuş Novak bildirib.
Bildirilib ki, hadisə iyulun 30-da Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə zərbələri zamanı baş verib.
Novakın sözlərinə görə, F-16 qırıcısı Polşa sərhədinin yaxınlığında naməlum hava obyektini müəyyən edə bilməyib.
Sonradan məlum olub ki, həmin obyekt Ukraynaya məxsus MiQ-29 qırıcısıdır.
Komandan qeyd edib ki, ukraynalı pilot diqqətsiz davranaraq təsadüfən Polşanın hava məkanını pozsaydı, “dost atəşi” baş verə bilərdi.
Onun sözlərinə görə, qırıcı yalnız F-16 tərəfindən deyil, həm də hava hücumundan müdafiə sistemləri vasitəsilə izlənilib.
Hadisədən sonra Polşa Silahlı Qüvvələrinin komandanlığı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinə və Ukrayna Hərbi Hava Qüvvələrinin rəhbərliyinə məktub göndərib.
Məktubda Ukrayna təyyarələrinin Polşa sərhədinə yaxın ərazilərdə hərəkəti barədə əvvəlcədən məlumat verilməsi xahiş olunub.
Qeyd edək ki, Polşa Rusiya ordusunun Ukrayna ərazisindəki aktivliyi səbəbilə mütəmadi olaraq hərbi aviasiyasını havaya qaldırır. Polşa komandanlığının bildirdiyinə görə, bu tədbirlər qabaqlayıcı xarakter daşıyır və sərhədə yaxın “həssas ərazilərin” təhlükəsizliyini təmin etməyə yönəlib.
Əliyar Xəlil
Globalinfo.az