emin emrullayev isteyirik ki muellimler sade metnlerin arxasinda gizlenmesinler 900x627 1

Elm və təhsil naziri Emin Əmrullayev məktəblərdə şagird sıxlığının əsas səbəblərindən birinin əhalinin sıxlığı olduğunu bildirib.

Nazir bu barədə Globalinfo.az əməkdaşının bəzi şagirdlərin evlərinə yaxın ərazidə məktəbə gedə bilməməsi ilə bağlı sualını cavablandırarkən danışıb.

“Dediyiniz məsələ haqlı naharatlıqdır. Bu, iki məsələdən qaynaqlanır. Birincisi, əhalinin sıxlığıdır. Hansısa məktəb 650 nəfər üçün nəzərdə tutulubsa, amma orada 2 min nəfər oxuyursa, haqlı olaraq 2001-ci şagirdi ora yerləşdirmək mümkün deyil”, – deyə nazir bildirib.

E.Əmrullayev qeyd edib ki, dövlət bu problemin həlli üçün müəyyən addımlar atır:

“Dövlət əlindən gələni edir. Bu faktdır ki, son illərdə Abşeron rayonunda, Xırdalan ərazisində bir neçə yeni və böyük məktəb tikilib. Məsələn, Saray qəsəbəsində məktəb inşa olunub.

Son illərdə doğulan uşaqların sayında azalma müşahidə edirik. Yəqin ki, 2029–2030-cu illərdən başlayaraq birinci sinfə gedən uşaqların sayında əsaslı azalma görəcəyik. Bu amil də vəziyyətə təsir göstərə bilər.

Amma vətəndaşımız da başa düşməlidir ki, özünə yeni ev tikəndə məktəb məsələsini də nəzərdə tutsun. Məsələn, kəndlərin birində vətəndaş deyirdi ki, mən evimi çayın bu biri tərəfində tikəcəm, amma məktəb çayın o biri tərəfində idi. Belə olan halda vətəndaş bilməlidir ki, dövlət onun üçün çayın bu biri tərəfində, onun evinin yanında yeni məktəb tikməli deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: