Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təminatı hazırda beynəlxalq səviyyədə ən kritik və aktiv müzakirə olunan mövzulardan biridir.
Ukrayna ordusunun ballistik raket hücumlarından qorunmaq üçün bu sursatlara kəskin ehtiyacı var.
Globalinfo.az-a danışan politoloq Ayrən Qurbanova deyib ki, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təminatı məsələsi hazırda ABŞ, Avropa ölkələri və Kiyev arasında hərbi əməkdaşlığın ən mühüm istiqamətlərindən birinə çevrilib:
“Məsələnin aktuallığı ondan irəli gəlir ki, Ukraynanın əsas problemi artıq yalnız yeni hava hücumundan müdafiə sistemlərinin əldə edilməsi deyil, mövcud “Patriot” komplekslərinin fasiləsiz fəaliyyətini təmin edəcək raket ehtiyatının formalaşdırılmasıdır. Ukrayna müdafiə naziri Yevheni Xmara sentyabrın 8-də ölkəsinin müttəfiqlərin dəstəyi və Avropa İttifaqının (Aİ) maliyyə mexanizmləri hesabına təxminən 1000 “Patriot” raketinin alınması üzrə müqavilələr bağladığını açıqlayıb. Lakin əsas problem bu raketlərin böyük hissəsinin yaxın illərdə çatdırılmasının nəzərdə tutulmasıdır. Ona görə Kiyev tərəfdaşlardan mövcud ehtiyatlar hesabına raketlərin təcili şəkildə verilməsini istəyir. Bu yanaşma isə öz növbəsində ABŞ–Aİ–Ukrayna əməkdaşlığında yeni mərhələyə işarə edir.
Vaşinqton üçün məsələ bir tərəfdən Ukraynanın hava müdafiəsinin gücləndirilməsi, digər tərəfdən isə ABŞ-ın öz strateji raket ehtiyatlarının qorunmasıdır. Avropa isə getdikcə daha çox maliyyə və hərbi yükü öz üzərinə götürməyə çalışır. Almaniyanın milli ehtiyatlarından əlavə PAC-2 raketləri vermək qərarı bunun konkret nümunəsidir. Berlinin mövqeyinə görə, qarşıdakı qış aylarında Rusiyanın Ukraynanın enerji və iqtisadi infrastrukturuna hava zərbələrini artırması ehtimalı yüksəkdir. Burada mühüm siyasi məqam ondan ibarətdir ki, Avropa artıq Ukraynaya yardımı yalnız siyasi həmrəylik məsələsi kimi deyil, öz təhlükəsizlik maraqları kontekstində də qiymətləndirir. Aİ ölkələrinin Ukraynaya ayrılan 90 milyard avroluq kredit mexanizminin bir hissəsini “Patriot” sistemləri üçün zəruri təminatların alınmasına yönəltmək barədə razılığa gəlməsi buna bariz nümunədir. Digər tərəfdən isə Ukraynanın raket ehtiyatının sürətlə tükənməsi Rusiyanın ballistik raketlərdən istifadə etdiyi hücumlarda xüsusilə ciddi problem yaradır”.

Aytən Qurbanova
Politoloq qeyd edib ki, son hücumlarda Ukraynanın hava hücumundan müdafiə qüvvələri qanadlı raketlərin böyük hissəsini zərərsizləşdirsə də, ballistik raketlərin qarşısının alınmasının daha mürəkkəb olduğu bildirilir:
“Bu isə “Patriot” sistemlərinin Kiyevin müdafiəsində xüsusi əhəmiyyətini artırır. Məsələnin digər tərəfi isə ABŞ-ın müttəfiqlər arasında məsuliyyət bölgüsünü dəyişmək istəyidir. Vaşinqtonun yanaşması ondan ibarətdir ki, Ukraynanın müdafiəsinin əsas yükü yalnız ABŞ-nin üzərində qalmamalı, Avropa dövlətləri öz ehtiyatlarını və maliyyə imkanlarını daha geniş şəkildə prosesə cəlb etməlidirlər. Kanadanın da 350 milyon Kanada dolları həcmində hava hücumundan müdafiə paketi ayırması bu tendensiyanın artıq Avropadan kənarda olan müttəfiqlərə də yayıldığını göstərir.
Nəticə etibarilə, “Patriot” raketləri ilə bağlı müzakirələr sadəcə hərbi-texniki məsələ deyil. Bu proses ABŞ-ın Ukrayna siyasətinin, Avropanın təhlükəsizlik məsuliyyətinin və müharibənin növbəti mərhələsində tərəflərin imkanlarının müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Əgər ABŞ və Avropa mövcud ehtiyatlardan Ukraynaya kifayət qədər raket ötürə bilsələr, Kiyevin qarşıdakı qışda enerji obyektlərini, şəhərləri və digər kritik infrastrukturu qoruma imkanları əhəmiyyətli dərəcədə artacaq. Əks halda, uzunmüddətli müqavilələrin mövcudluğu belə yaxın aylardakı ehtiyacı tam kompensasiya etməyə bilər”.
Turan Rzayev
Globalinfo.az