(Uilrix Ziqmund – solda)
Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyası 44 faiz səs toplayaraq qalib gəlib.
Bu qələbədə əsas rolu partiyanın 35 yaşlı əyalət hökumətinin baş nazirliyinə namizədi Uilrix Ziqmund oynayıb. Ölkədə onu “TikTok ulduzu” adlandırırlar. Ziqmund geniş kütləyə məhz TikTok vasitəsilə müraciət edir.
Məhz bu vəziyyət TikTok platformasının siyasi sistemdə də rolunun gücləndiyini göstərir.
Bəs Azərbaycanda bununla bağlı vəziyyət necədir?
Globalinfo.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, insanlar əvvəllər fərqli sosial şəbəkə seqmentlərindən faydalanırdılar:
“İndi TikTok daha cəlbedicidir. Ümid Partiyası olaraq biz də TikTokdan geniş istifadə edirik. Azərbaycan siyasətində 3-5 nəfərdən biriyik ki, bu platformada videolarımız paylaşılır. Çox böyük baxış sayı və izləyici dəstəyi qazanmışıq.
Siyasətçi üçün informasiya və təbliğat baxımından “bu olar, bu olmaz” anlayışı yoxdur. Nə məqbuldursa, seçici səni haradan tanıyır və haradan informasiya alırsa, oradan istifadə etmək uyğundur”.
İqbal Ağazadə
İ.Ağazadə Azərbaycan siyasi sferasının TikToka yönəlməsinin mümkünlüyü barədə anons verib:
“Hazırda TikTok daha əlverişlidir. Ona qədər Feysbuk, Tvitter (X) siyasətçilərin daha çox üz tutduqları platformalar idi. İndi isə onların yerini TikTok alıb. Siyasətçilər bu yolla daha çox seçici rəğbəti qazana bilərlər”.
Politoloq Zaur İbrahimli isə bildirib ki, sosial şəbəkə istifadəçiləri reallığın əhali arasında qəbul olunmasında xüsusi təsirə malikdir:
“Biz bunu ABŞ Prezidenti Donald Trampın seçkilərdə qalib gəldiyi vaxt da gördük. “X” platformasında Trampın dəstəklədiyi ideyalar ön plana çıxarıldı, onun ətrafında diskussiyalar yaradıldı.
Digər mühüm məqam isə Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən parlament seçkilərində sağçı populist “Almaniya üçün Alternativ” (AfD) partiyasının qalib gəlməsi idi.
Bütün bunlar deməyə əsas verir ki, sosial şəbəkələr siyasi idarəetmə alətinə çevriliblər. Biz daha çox buna nəzər salmalıyıq. Prinsipial fərq ondan ibarətdir ki, daha əvvəl sosial şəbəkələr təbliğat və təşviqat aləti kimi nəzərdən keçirilirdi. İndi isə bu platformalar idarəetmə alətinə çevrilib”.
Politoloq deyib ki, əvvəllər bir çox ictimai rəy liderləri, fikir adamları, mədəniyyət, incəsənət xadimləri və idmançılar TikTokda fəallıq göstərmirdilər:
“İndi isə onların aktiv hesabları var. Onlar öz rəylərini və fəaliyyətlərini TikTok vasitəsilə ictimaiyyətə çatdırırlar. Bu da ondan irəli gəlir ki, TikTok daha geniş auditoriyanı əhatə edir. Alqoritmləri daha inklüzivdir. TikTokda ön plana çıxmaq üçün digərləri ilə müqayisədə az resurs tələb olunur.
Bir mühüm məsələ də insanların informasiya almaq vərdişlərinin dəyişməsidir. İnsanlar indi mətn oxumaq istəmirlər, kiçik həcmli videolara baxmağa üstünlük verirlər.
Azərbaycan auditoriyasında da Tiktok əsas informasiya vasitələrindən birinə çevrilir. Məsələn, Feysbukun alqoritmləri həddindən artıq kommersiyalaşıb: öz fikirlərinizi geniş auditoriyaya çatdırmaq üçün kommersiya şərtləri təklif edir. Yəni reklamsız bunu etmək çox çətindir. Bu baxımdan, hazırda geniş auditoriyanı əhatə etmək üçün TikToksuz keçinmək mümkün deyil. Vəziyyət belə davam edərsə, digər sosial şəbəkələr də öz alqoritmlərində müəyyən dəyişikliklər etməli olacaqlar”.
Safura Bənnayeva
Globalinfo.az