Yadımdadır, biz uşaq olanda məhəllələrə meyvə-tərəvəz satan dayılar, babalar gələrdilər. Pendir, süd, kənd toyuqları, balıq gətirib satardılar. Heç kim də buna görə narazılıq etməzdi.
Əksinə, satıcı məhəlləyə gəlib “qarpız var, göyərti var, pendir var, çörək var” deyə səslənəndə analarımız aşağı düşərdi. Kimin nəyə ehtiyacı vardısa, alıb evinə aparardı. Bu, illərlə belə davam edib. 15-16 yaşıma qədər bunu görmüşəm. Bu gün də bəzi ölkələrdə həmin ənənə davam edir.
Təəssüf ki, bizdə son 3-4 ildə vəziyyət dəyişib. Bəzən deyirik ki, niyə küçə ticarəti hələ də var, niyə mənim məhəlləmə gəlib satır, niyə qışqırır, səsi başıma düşür və sair.
İşin gülməli tərəfi də odur ki, sonra həmin şəxslərə qadağa qoyulanda bu dəfə də deyirik, camaat pul qazanırdı, niyə mane oldunuz?
Başqa bir məsələ də var. Məsələn, “Vasmoy” bazarında jurnalist pendir satandan soruşur ki, “bunun sənədi varmı?” Kəndlidən aldığın pendirin nə sənədi olacaq? Hər məsələyə bu qədər qarışmaq, hər şeyi problemə çevirmək doğrudanmı lazımdır?
Mən yenə küçədə satış edən insanlara qayıdıram. O adam küçəyə niyə çıxıb? Çörəkpulu qazanmağa. Məhəlləyə gəlib məhsulunu satır. Almağa ehtiyacı olan alır, istəməyən almır. Bizə bunun ziyanı var?
Çoxu deyir ki, xəstəlik tüğyan edir, ona görə küçə ticarəti ləğv edilsin. Bunun səbəbi yalnız küçədə satış edən 3-5 nəfərdir? Xeyr. Qəbul etdiyimiz qidalar, havanın çirkliliyi və başqa səbəblər…
Marketdə satılan toyuqdan da insan xəstəlik tapa bilər. Almanı küçədən aldın, marketdən aldın – nə fərqi? Problem varsa, hər iki yerdə ola bilər. Hətta küçədə satılan alma daha ucuz olur.
Ona görə də imkan verək o insan da qazansın, evinə çörəkpulu aparsın. Əgər kasıb təbəqənin pulu gedib məhəllədə məhsul satan başqa bir kasıbdan alış-veriş etməyə çatırsa, bunun nə ziyanı var?
Gərək həm biz jurnalistlər, həm də digər vətəndaşlar küçə ticarəti ilə məşğul olan insanlara həssas yanaşaq. Onların da yaşamaq, qazanmaq, evinə çörək aparmaq haqqı var.
Əgər yaxşılıq edə bilmiriksə, heç olmasa pislik də etməyək…
Zaira Akifqızı
Globalinfo.az