olum

Türkiyəli aktyor Serhat Kılıçın ölümündən əvvəl kameralara düşən görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Görüntülərdən sonra bir çox insan aktyorun infarkt keçirdiyini iddia edib. Bu isə ictimaiyyətdə müəyyən suallar yaradıb.

Adi insan infarktın əlamətlərini necə tanıya bilər? Yanımızda kimsə infarkt keçirirsə, ilk dəqiqələrdə nə etməliyik, hansı səhvlər həyati təhlükə yarada bilər?

Globalinfo.az-a danışan funksional tibb mütəxəssisi, terapevt Sevinc Musayeva deyib ki, infarkt zamanı ən çox rast gəlinən əlamətlər döş qəfəsində sıxılma, ağırlıq və  yanma hissidir:

“Eyni zamanda, ağrı qola, kürəyə, boyuna və çənəyə yayılır, nəticədə nəfəs darlığı, soyuq tər, ürəkbulanma və qəfil halsızlıq baş verir. Qadınlarda, yaşlılarda və diabetli şəxslərdə güclü sinə ağrısı olmadan da infarkt baş verə bilər”.

Terapevt bildirib ki, belə halda dərhal təcili yardım çağırmaq lazımdır:

“İfarkt keçirən şəxsi sakit vəziyyətdə saxlamaq, gəzdirməmək və tək buraxmamaq tövsiyə olunur. Əgər huşunu itirir və normal nəfəs almırsa, döş qəfəsinə basılarla ilkin yardıma başlanmalıdır. Ən təhlükəli səhv isə “bir az gözləyək, keçər” düşüncəsi ilə vaxt itirmək, xəstəni gəzdirmək, yemək-su vermək və özbaşına dərman qəbul etdirməkdir. Unutmaq olmaz ki, infarktda hər dəqiqə önəmlidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: