Elə bilirsiz, qardaş ölkə Özbəkistan bircə bizim diqqətimizdədir? Son illərdə Avropa, Çin, Hindistan kimi ölkələr Mərkəzi Asiyanın bu zəngin dövləti ilə dostluğa böyük coşğu ilə can atır. Ötən günlərdə Hindistanın Baş naziri Narendra Modi Özbəkistana səfər edib. Modi burada “Ali Dərəcəli Dostluq Ordeni” ilə təltif olunub. Xüsusi təmtəraqla qarşılanıb. Bu iki ölkənin çox ciddi mədəni əlaqələri var, həm də çox dərin. Amma…
Burada başqa iki əsas məsələ də var: Modi hökumətinin fəaliyyəti dövründə yaşananlar və Özbəkistandan nə istənildiyi.
Hindistanda filmlər insanların əsas əyləncəsi, dünya görüşünün formalaşdıran alət, qərarlara təsir edən mexanizm kimi bir şeydir. Burada filmlərə digər dünya ölkələrindən çox fərqli yanaşılır. Modinin rəhbərlik etdiyi BJ Partiyası 2014-cü ildə Hindistanda hakimiyyətə gəlmədən öncə ölkədə həm etnik hindu, həmçinin sonradan xristianlaşmış yerli xalqların qurduqları ayrı-ayrı dövlətlər, o cümlədən uzun illər Hindistanda hökm sürmüş Teymurilər və Baburlar (Moğol imperiyası) ilə bağlı bir-birindən maraqlı ekran işləri çəkilirdi. Bütün bu dövlətlər Hindistan tarixinin bir parçası kimi incələnir, özününkiləşdirilir, öz keçmişləri kimi tənqid və təqdir görürdü. Yanaşma çox gözəl idi, xalq tarixi işləri xüsusi həvəslə izləyirdi. Rəngarəng, fərqli dövlətlər, bir tarixi ərazi. Hamısı möhtəşəm və zəngin Hindistanın tarixi idi. Lakin 2014-cü ildən sonra vəziyyət yavaş-yavaş dəyişdi. Bütün digər dövlətlər qabardıldığı halda, Teymurilər və Moğol imperiyasının “Hindistanı işğal edən vəhşi quldurların hakimiyyəti”, “mədəniyyət görməmiş, acgöz işğalçılar” kimi təqdim edilməsinə başlanıldı. Yəni bu imperiyaları xalqa “işğal müddəti” kimi qəbul etdirmək cəhdləri yaşandı. Amma son 2-3 ildə vəziyyət yenə əvvəlki halına qayıdır.
Açıq təbliğat “hücumu”
Lakin bunun pik nöqtəsi 2021-ci ildə olmuşdu. “Disney+” və Hindistanın məşhur “Hotstar” televiziyası birləşib məşhur simalarla “The Empire” serialını ərsəyə gətirdilər. Kitab əsasında çəkilən 8 bölümlük serialda Teymuri imperiyasının süqutu, Baburun Hindistana yürüşü, tacqoyması, Şeybanilərlə danışıqlar və münasibətlər, Panipat döyüşü kimi tarixi hadisələr yer alırdı. Aktyorluqlar, geyimlər, səhnə dizaynı və s. çox təqdir edilsə, bəyənilsə də, ölkədə böyük bir etiraz dalğası başlamışdı. Sosial şəbəkələrdə “Disney+” və “Hotstar” boykot edilirdi. Səbəb isə belədir: “Siz ölkəmizi işğal edənlərə rəğbət oyadırsız, serialı bitirin”, “Babur iğalçıdır, amma siz qəhrəman kimi göstərirsiz”. Prosesin arxasında kim var idi? Modinin partiyası BJP-nin tərəfdarları. Konkret şəkildə son 12 ildə hindu-müsəlman qarşıdurmasına təşviqat çərçivəsində bu seriala qarşı boykot bir “silah” kimi istifadə edildi. Beləliklə, yeni sezon anonsları olsa da, çəkilməməsi qərarlaşdırıldı. Həmçinin Moğollar dövründə ölkədə tikilən məşhur “Bebri məscidi”nin yerində Ram məbədinin tikilməsi və dövlət səviyyəsində təntənəli açılışığı da gərginliyi artırmaq məqsədli idi. Moğollara qarşı kampaniya bununla da bitmirdi, fərqli istiqamətlərdə həmin dövrə aid hər şeyin kölgədə qoyulmasına çalışılırdı. Tədricən hər şey dəyişir, çünki hind xalqının düşüncələri və geosiyasi reallıq dəyişib.
İndi Modi Baburlar və Teymurilərin gəldiyi Özbəkistandadır. Özü də böyük gözlənti və həvəslə. Bu dəfə sosial şəbəkələrdə tərəfdarlarının bir qismi onu dəstəkləsə də, “Bəs onlar işğalçı idi?”, “Baş nazir işğalçı millətin dostluq ordenini necə qəbul edir?” başlıqlı paylaşımlar edirlər. Xalq özü tərəddüdə düşüb.
Bəs o, qardaş ölkədən nə istəyir?
Modi hazırkı çətin vəziyyətdə Özbəkistana ciddi ehtiyac duyur. Bu ölkə Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi fonunda yaranan çıxılmaz durumda Hindistan üçün Mərkəzi Asiyaya açılan qapıdır. Modi bu ölkəni öz ölkəsi üçün regionda “strateji dayağa” çevirmək istəyir. İqtisadi əlaqələri genişləndirmək, uran idxalını artırmaq da əsas gözləntilərindəndir. O, Özbəkistana Rusiya, Çin və Avropanın marağını da ayrıca hesablayır. Yəni Özbəkistan hələ çox diqqət mərkəzində olacaq. Hazırda ən ehtiyatla davranmalı olan ölkələrdən biridir.
Ayşən Mustafa
Globalinfo.az