Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib. Bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb. Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.
Maraqlıdır, insanın öz orqanını satması niyə qadağan edilib?
Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, qanunla orqan satmaq qadağandır:
“Ədliyyə Məcəlləsinə görə, bu, minimal gəlir kimi müəyyən edilir. Yəni söhbət məhz minimal gəlirdən gedir. Çünki insan orqanlarının donorluğu təmənnasız olmalıdır. İnsan orqanları əmtəə deyil ki, kiməsə satmaq mümkün olsun. Bu, yolverilməzdir. Əgər buna yol açılsa, orqan alveri başlayacaq və imkansız insanların bədəni, orqanları istismar predmetinə çevriləcək. İnsanlar imkansızlıqdan orqanlarını satmağa başlayar. Hətta məsələ daha dəhşətli həddə çata bilər: insanlar öz yaxınlarının, uşaqlarının orqanlarını belə satmağa məcbur qala bilərlər”.
Əkrəm Həsənov
Ə.Həsənovun sözlərinə görə, insan orqanlarının donorluğu yalnız könüllü və təmənnasız olmalıdır:
“Bu prosesə nəzarət də müvafiq səhiyyə qurumları və komissiyalar tərəfindən həyata keçirilməlidir. Yəni hər bir hal ayrıca qiymətləndirilməlidir. Əgər şübhə yaranırsa ki, burada orqan alveri və ya kommersiya məqsədi var, onda bunun qarşısı dərhal alınır”.
Zaira Akifqızı
Globalinfo.az