Xəbər verdiyimiz kimi, Qazaxıstanın iri neft emalı zavodları sanksiya riskinə görə Rusiyaya benzin tədarükündən imtina edib.
Bu proses Azərbaycanda yanacaq bazarına və benzin qiymətlərinə hər hansı təsir göstərə bilərmi? Sanksiya riskinin Qazaxıstanın Rusiya ilə enerji və ticarət əlaqələrini gələcəkdə zəiflətməsi mümkündür?
Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Qazaxıstan hökuməti və iri şirkətləri ABŞ ilə Avropa İttifaqının (Aİ) ikinci dərəcəli sanksiyalarının hədəfi olmamaq üçün ehtiyatlı davranırlar:
“Bunun Azərbaycanda benzinin qiymətinə birbaşa və kəskin təsir edəcəyini demək hələ tezdir. Çünki Qazaxıstan hökuməti hələ Rusiyaya yanacaq göndərilməsi ilə bağlı başqa kanalları tam bağlamayıb. Məsələn, “Kondensat” zavodunun istehsalının böyük hissəsinin Rusiyaya göndərilməsi nəzərdə tutulur. Əgər benzin axını həqiqətən azalarsa, Rusiyanın onsuz da gərgin olan daxili yanacaq bazarında çatışmazlıq dərinləşə bilər. Belə olan halda, regional bazarda benzin və dizel üçün əlavə tələb yaranacaq. Lakin Azərbaycanda benzinin pərakəndə qiymətinin avtomatik artması gözlənilmir. Əgər irəlidə Qazaxıstan Rusiyaya göndərmədiyi neft məhsullarını alternativ bazarlara çıxarmağa başlasa, Azərbaycan və digər regional bazarlar üçün əlavə təchizat mənbələri yarana bilər”.

Vüsalə Əhmədova
İqtisadçı bildirib ki, sanksiya riski səbəbindən Qazaxıstan-Rusiya enerji əlaqələrinin sürətlə qopması real görünmür, lakin uzunmüddətli perspektivdə ciddi nəticələr yaranması mümkündür:
“Aİ-nin iyulda qəbul etdiyi 21-ci sanksiya paketində, məsələn, üçüncü ölkələrdə yerləşən və Rusiyaya sanksiyalardan yayınmaya yardım etdiyi müəyyən olunan 27 qurum, o cümlədən Qazaxıstandan iki qurum siyahıya salınıb. Bu, Astana üçün çox vacib siqnaldır. Belə vəziyyətdə Astananın ən rasional strategiyası Rusiyadan birdən-birə qopmaq yox, asılılığı tədricən azaltmaq və paralel kanallar yaratmaq olacaq. Digər tərəfdən, Qazaxıstan hələ də Rusiya ilə enerji baxımından çox sıx bağlıdır. Bu yaxınlarda Rusiya neftinin Qazaxıstandakı zavodda emal edilməsi və məhsulun bir hissəsinin Rusiyaya qaytarılması üzrə danışıqlar aparılıb. Yəni, eyni vaxtda Qazaxıstan həm Rusiyadan enerji asılılığını azaltmağa çalışır, həm də mövcud enerji infrastrukturuna görə Rusiya ilə əməkdaşlığı davam etdirir”.
Ləman İmran
Globalinfo.az