ABŞ İrana qarşı anonsunu verdiyi dəhşətli “İqtisadi təcrid” əməliyyatına başlayır. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent açıqlama verib. Nazir İranla biznes əlaqələri saxlayan ölkələrə xəbərdarlıq edərək sanksiyaların genişləndiriləcəyini bildirib. Onun sözlərinə görə, yeni sanksiyalar dalğasının məqsədi İranın xarici maliyyə mənbələrinə çıxışını kəsməklə onu təcrid vəziyyətində saxlamaqdır.
Bu prosesin İrana və regionumuza hansı təsirləri olacaq?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bunun artıq İrana təsirləri var:
“İran milli valyutası tarixində ən aşağı səviyyəyə qədər dəyərdən düşüb. Qərar elan olunan kimi 1 ABŞ dolları 2 milyon reala bərabər olub. Bu, tarixdə qeydə alınan ən ciddi ucuzlaşmalardan biridir. İran milli valyutası artıq kəskin devalvasiyaya uğrayır. Bunun qonşu ölkələrə ciddi təsir göstərəcəyini düşünmürəm. Burada əsas məsələ neft satışı və pul köçürmələridir. ABŞ-ın əsas iqtisadi sanksiyalarının iki istiqamətdə özünü göstərəcəyi gözlənilir: İranın neft satışını sıfıra endirmək və neft gəlirlərinin, eləcə də digər valyuta daxilolmalarının qarşısını almaq. Ərzaq tədarükü və digər ticarət əməliyyatları ilə bağlı ciddi problemlərin yaranacağını düşünmürəm”.

Natiq Cəfərli
İqtisadçı bildirib ki, əsas problemlərin Çinlə münasibətlərdə yaşanacağı gözlənilir:
“Çünki İrandan əsas neft alan ölkə Çindir. Eyni zamanda, İranın valyuta əməliyyatlarının böyük hissəsi Körfəz ölkələri, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzərindən həyata keçirilirdi və İran üçün əsas maliyyə mərkəzlərindən biri idi. Lakin müharibə dövründə BƏƏ də İranın zərbələrinə məruz qaldı və ölkə ABŞ-dan əvvəl İranın hesablarının bağlanmasına başlayıb. Bütün hallarda ABŞ-ın əsas hədəfinin İranın neft satışına və valyuta əməliyyatlarına məhdudiyyət qoymaq olduğunu düşünürəm. Bu baxımdan Vaşinqtonun kifayət qədər sərt tədbirlər görəcəyi gözlənilir. Ancaq ərzaq ticarəti və digər kiçik həcmli ticarət əməliyyatlarına ciddi təsir göstəriləcəyini hesab etmirəm”.
Ləman İmran
Globalinfo.az