Rusiyada yaşayan azərbaycanlıların Ukraynaya qarşı müharibəyə məcburi cəlb edilməsi ilə bağlı görüntülər ciddi narahatlıq doğurur. Azərbaycan vətəndaşı olduğunu bildirən soydaşımızın yaydığı video məsələni yenidən gündəmə gətirib. Onun sözlərinə görə, Rusiyada qeydiyyatsız yaşadığı halda iradəsi xaricində döyüşə aparılır.
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son dövrlərdə Rusiyada anti-Azərbaycan təbliğatına start verilib:
“Bu ölkədə Azərbaycanla bağlı tez-tez təhrif olunmuş məlumatlar tirajlanır. Bu isə Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə uyğun gəlmir. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazdakı strateji maraqları üçün də böyük təhlükədir.
Son günlər bəzi televiziya verilişlərinin, xüsusilə anti-Azərbaycan təbliğatı aparan proqramların dayandırılması ilə bağlı müəyyən addımlar atılıb. Solovyov kimi gecə-gündüz Azərbaycan əleyhinə təbliğat aparan şəxslərin fəaliyyətində də müəyyən dəyişikliklər müşahidə olunur.
Amma bütövlükdə ikitərəfli münasibətlərimizin xarakterinə uyğun gəlməyən addımlar bu gün də atılmaqdadır”.
Deputat bildirib ki, ən narahatedici məqam Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının qanunsuz şəkildə müharibəyə göndərilməsi və təzyiqlərə məruz qalmasıdır:
“Bu, beynəlxalq hüququn norma və prinsiplərini açıq şəkildə pozmaqdır. Azərbaycan vətəndaşının zorla Ukraynadakı müharibəyə göndərilməsi nə hüquqa, nə də məntiqə sığır. Hesab edirəm ki, bütün bu məsələlər hüquqi müstəvidə öz həllini tapmalıdır.
Elman Nəsirov
Azərbaycanın müvafiq qurumlarının müxtəlif kanallarla Rusiya tərəfinə bizi narahat edən məqamları çatdırdığına qətiyyən şübhəmiz yoxdur. Yuxarıda söylədiyim kimi, müəyyən verilişlərin dayandırılması, aparıcıların efirdən uzaqlaşdırılması da Azərbaycan dövlətinin apardığı sistemli işin nəticəsidir”.
Hərbi ekspert Ədalət Verdiyev isə deyib ki, qanunsuz şəkildə müharibəyə aparılan Azərbaycan vətəndaşı ləngimədən Səfirliyin “qaynar xətt”inə müraciət etməlidir:
“Rusiya hüquqi dövlət deyil. Belə bir ölkədə məhkəməyə müraciət effekt verməyəcək. Amma səfirlik məsələnin həlli üçün tədbirlər görə bilər”.
Zaira Akifqızı
Globalinfo.az