Xalqlarımızın qarşılıqlı səyləri və dövlətlərimizin birgə dəstəyi sayəsində son illərdə mədəni-humanitar əlaqələr uğurla inkişaf edir. Birgə keçirilən mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar, ədəbi nəşrlər və təhsil proqramları iki ölkə arasında mədəni və humanitar gündəliyin möhkəmlənməsində xüsusi rol oynayır.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.
“2023-cü və 2025-ci illərdə Azərbaycan Özbəkistan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində “Şuşa Günləri” keçirilib. Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.
Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır”, – Dövlət başçısı bildirib.