ehali dunya

Xəbər verdiyimiz kimi, Pentaqon rəhbəri Pit Heqset deyib ki, son 250 ildə ABŞ-ın iştirak etdiyi bütün müharibələrdə ölənlərin sayı narkotiklərlə əlaqəli ölümlərdən daha azdır. O, milyonlarla Amerika vətəndaşının bu səbəbdən dünyasını dəyişdiyini bildirib. Bununla belə, müdafiə naziri açıqladığı rəqəmi hesablayarkən hansı dövrü əsas götürdüyünü dəqiqləşdirməyib.

Bu, rəsmi Vaşinqtonun öz xalqı və dünya ictimaiyyəti qarşısında özünü haqlı göstərmək, indiyə kimi günahsız ölkələrə qarşı yersiz hərbi müdaxilələri əsaslandırmaq cəhdidir, yoxsa gerçəkdir? Gerçəkdirsə, o zaman ABŞ kimi firavan ölkədə nədən narkomaniya bu şəkildə tüğyan edir? Bu statistika başqa ölkələrdə, əsasən də Azərbaycanda necədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, ölkədən asılı olmayaraq narkomaniya qlobal bəladır:

“Çox güclü beynəlxalq narkomaniya var. Bəzi ölkələrdə bu, dövlət tərəfindən dəstəklənir, çünki güclü maliyyə dövriyyəsinə təsir edir. Dünya narkotikə qarşı səmimi şəkildə mübarizə aparmır. İstənilən ölkədə bununla məşğul olan insanlar var. Azərbaycan Daxili İşlər Nazirliyinin bülletenlərinə baxdıqda narkotiklə bağlı nə qədər şəxsin cinayət başında yaxalandığını görmüş olarıq. Bizim yerləşdiyimiz bölgə qonşu ölkələrdən narkotik trafikinə hədəf olmasını şərtləndirir.

ABŞ məsələsinə gəldikdə isə deyə bilərik ki, rəqəmlərlə oynamaq ictimai rəy manipulyatorlarına xeyli dərəcədə xas olan keyfiyyətlərdir. Onlar mümkün hallarda həmin rəqəmləri müqayisəli epizodlarla göstərirlər. Başqa nüans da var. Daha çox insanlar harada həlak olur? Yeni statistika ilə götürdükdə, Azərbaycanda yol-nəqliyyat qəzalarında ölənlərin sayı müvafiq şərti dövr üzrə müqayisədə müharibədə ölənlərin sayından çoxdur”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert bildirib ki, Birləşmiş Ştatlar hakimiyyətinin qlobal ekspansiyası çoxdan xalqla əlaqələrdən qopub:

“Pulun hökm sürdüyü cəmiyyət qurulub. Kapitalizmin nirvanasını vəhşi formada yaşayırlar. Burada daha çox media, güc strukturları, nüfuz qrupları, siyasət – hamısı xüsusi qrupların əlindədir. Vyetnam müharibəsindən sonra ABŞ-da ictimai rəy təsirli olub. Onda da müharibədən çıxmaq nöqteyi-nəzərindən həmin dinamikanın yayılmasında hakimiyyət maraqlı olub. İndi isə yalnız manipulyasiyalar var”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: