BeFunky collage 5

Balakəndə 4 nəfərin ölümü ilə nəticələnən ağır avtoqəzanın təfərrüatları məlum olub. Qəzaya səbəb olan “Hyundai”nin sürücüsü Məryəm Hoorsovanın cəmi iki ay əvvəl ilk avtomobilini aldığı və TIR-ı ötməyə çalışarkən qarşı zolağa çıxaraq “Toyota” ilə toqquşduğu, ardınca “KIA” markalı avtomobilin də qəzaya düşdüyü bildirilir. Bu detal hadisədən sonra qadın sürücülərlə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəs ağır qəzaların qadın və ya kişi sürücü amili ilə əlaqələndirilməsi nə dərəcədə doğrudur? Balakəndəki faciəni qadın sürücü faktoru ilə izah etmək olarmı?

Globalinfo.az-a danışan yol hərəkəti təhlükəsizliyi mütəxəssisi Arzu K.Babazadə bildirib ki, hadisəni qadın sürücü faktoru ilə əlaqələndirmək yanlış yanaşmadır:

“O zaman Amal Məlikovun başına gələn hadisəni də kişi sürücü faktoru ilə əlaqələndirməliyik? Bu, tamamilə yanlış düşüncədir. Əsas diqqətimizi sürət həddinin aşılması, avtoxuliqanlıq və yol hərəkəti qaydalarının pozulmasının təbliğ edilməməsinə yönəltməliyik. Savadlı, məsuliyyətli və yol təhlükəsizliyi qaydalarını bilən sürücülərin yetişdirilməsində maraqlı olmalıyıq. İnsanlar yol hərəkəti qaydalarına yalnız polis tərəfindən cərimələnməmək üçün əməl etməməlidirlər. Hər bir sürücü bilməlidir ki, törətdiyi inzibati xəta daha ağır fəsadlara səbəb ola bilər. On dəfə qırmızı işıqda keçərsən və heç nə baş verməz, amma on birinci dəfə həyatını itirə, kiminsə ölümünə səbəb ola və ya özün əlil qala bilərsən. Məsələ cərimədən daha böyükdür, söhbət insan həyatından və sağlamlığından gedir. Ona görə də belə hadisələrdə cinsiyyət faktorunun önə çəkilməsini çox yanlış, hətta absurd hesab edirəm”.

Mütəxəssis bir müddət əvvəl qəza nəticəsində həyatını itirən Amal Məlikovun da sürət həddini aşdığını və hadisədə kişi sürücünün iştirak etdiyini xatırladıb:

“Bugünki hadisədə qadın sürücünün ehtiyatsızlığı, ötmə qaydalarını bilməməsi və ya həmin qaydalara düzgün əməl etməməsi məsələsi var. Burada əsas məsələ qadın və ya kişi olmaq deyil. Sürücünün yol hərəkəti qaydalarını nə dərəcədə bilməsi, təhlükəsizlik prinsiplərinə nə qədər əməl etməsi və məsuliyyətli davranması əsas götürülməlidir.
Yol səbr tələb edir, sürət həyatda uğur, yolda təhlükədir. Sürət həddini aşmaq bizi irəli aparmaz. Apardığım araşdırmalara görə, xanım sürücü sürət həddini aşmağa meyilli olub. Lakin bu hal kişilər arasında da müşahidə olunur. Ən yaxın nümunə kimi Amal hadisəsini göstərdim”.

A.K. Babazadə sürücülərin yol hərəkəti qaydalarını daha dərindən öyrənməsinin vacibliyini vurğulayıb:

“Xüsusilə yol ayrıcılarında və müxtəlif yol şəraitlərində ötmə ilə bağlı sürücülərimizin bir çoxunun kifayət qədər məlumatlı olmadığını görürük. Müxtəlif yol şəraitlərində ötmə ilə bağlı fərqli qaydalar tətbiq olunur. Bu qaydalar təsadüfən müəyyən edilməyib. Burada görünüş məhdudiyyəti, yolun daralması, qarşıdan gələn nəqliyyat vasitəsini vaxtında görmək imkanının azalması və digər təhlükəsizlik amilləri nəzərə alınır. Yəni bunlar yalnız qanun deyil, eyni zamanda təhlükəsizlik prinsipləridir. Sürücülər yol hərəkəti qaydalarını sadəcə cərimədən yayınmaq üçün deyil, onların mahiyyətini anlayaraq öyrənməlidirlər. Əks halda, təəssüf ki, belə ağır və acı hadisələrin şahidi olmaqda davam edəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: