estoniya

“Estoniya ölkənin şimal-şərqində yerləşən İda-Virumaa sərhəd bölgəsində Baltik müdafiə xəttinin yaradılması çərçivəsində təxminən 150 müdafiə bunkeri tikməyi planlaşdırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Martin Herem parlamentdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bunkerlərdən 100-ü dövlət torpaqlarında, təxminən 50-si isə bələdiyyə və ya özəl mülkiyyətdə olan ərazilərdə yerləşdiriləcək:

“Özəl torpaqlarda tikiləcək bunkerlərlə bağlı ərazi sahibləri ilə razılıq əldə edilməlidir”.

Herem qeyd edib ki, torpaq sahiblərinə yaranacaq narahatlığa görə kompensasiya təklif oluna, icarə müqaviləsi bağlana və ya torpaq sahəsi satın alına bilər.

Herem, həmçinin Müdafiə Nazirliyinin gənclər siyasətini təsdiqlədiyini bildirib.

Bu siyasət çərçivəsində növbəti dörd il ərzində hərbi-vətənpərvərlik təşkilatlarının fəaliyyətinə və dronların idarə olunması üzrə təlimlərə ayrılan maliyyənin artırılması nəzərdə tutulur.

Bundan əlavə, əsas məktəblərdə digər fənlərin tədrisi zamanı dövlət müdafiəsi ilə bağlı məsələlərə daha çox diqqət yetiriləcək.

Qeyd edək ki, daha əvvəl Rusiya ilə Estoniya arasındakı sərhəd-keçid məntəqələrinin iş rejiminin dəyişdiriləcəyi barədə məlumat yayılmışdı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: