WhatsApp Image 2025 04 10 at 01.37.53 1

Azərbaycanda valyuta hərraclarında dollar satışının kəskin azalması iqtisadi aktivliklə bağlı müzakirələri yenidən gündəmə gətirib. İqtisadçı Natiq Cəfərli hesab edir ki, dollara tələbin azalması müsbət göstərici kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bunun əsas səbəbi idxalın zəifləməsi və vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsidir.

Bəs iqtisadi aktivliyi artırmaq və büdcə gəlirlərini yüksəltmək üçün hansı addımlar atılmalıdır? Mövcud iqtisadi siyasət hansı nəticələrə səbəb ola bilər?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli valyuta ehtiyatlarında dolların payının azalmasını birmənalı şəkildə müsbət göstərici kimi qiymətləndirməyi doğru hesab etmədiyini vurğulayıb:

“Çünki bunun arxasında müxtəlif iqtisadi səbəblər dayana bilər. Məsələn, ixracın zəifləməsi, investisiyaların azalması və daxili iqtisadi fəallığın aşağı düşməsi kimi amillər də dollar tələbatının azalmasına təsir göstərə bilər. Bu baxımdan, belə dəyişikliklərin iqtisadiyyat üçün müəyyən risklər yaratması ehtimalı da nəzərə alınmalıdır. Digər tərəfdən, ixrac strukturunda baş verən dəyişikliklər və manatın məzənnəsinin sabitliyi də dollara olan tələbin azalmasına təsir edən amillər sırasındadır”.

eyyub kerimli
Eyyub Kərimli 

İqtisadçının fikrincə, iqtisadi artımın təmin olunması üçün istehsalın həcmi artırılmalı, investisiya layihələrinin icrası sürətləndirilməli və sahibkarların maliyyə resurslarına çıxışı daha da genişləndirilməlidir:

“Eyni zamanda, yerli istehsalın dövlət tərəfindən daha güclü şəkildə dəstəklənməsi də vacibdir. Fikrimcə, büdcə gəlirlərinin davamlı artımına vergi yükünün artırılması hesabına deyil, iqtisadiyyatın genişlənməsi, yeni iş yerlərinin yaradılması və vergi bazasının böyüdülməsi yolu ilə nail olmaq daha məqsədəuyğundur. Ümumilikdə hesab edirəm ki, əsas məqsəd yalnız makroiqtisadi sabitliyin qorunması olmamalıdır. Bununla yanaşı, iqtisadi fəallığın yüksəldilməsi, investisiyaların artırılması və real sektorun inkişafı prioritet istiqamətlərdən biri olmalıdır. Yalnız bu halda həm büdcə gəlirlərinin davamlı artımını təmin etmək, həm də əhalinin rifah səviyyəsində real yaxşılaşmaya nail olmaq mümkün olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: