Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 16 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin məhdudlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərdə istinad etdiyi kitab diqqət çəkib. Söhbət amerikalı psixoloq Conatan Heydtin müəllifi olduğu “Narahat nəsil” (“The Anxious Generation”) əsərindən gedir.
Hikmət Hacıyevin sitat gətirdiyi “Narahat nəsil” kitabı gələcəkdə Azərbaycan məktəblərində tədris oluna bilərmi? Əsərdə konkret olaraq nələrdən bəhs edilir, uşaqların və yeniyetmələrin inkişafı ilə bağlı hansı elmi faktlar, faydalı məlumatlar və praktik tövsiyələr yer alır?
Globalinfo.az-a danışan sabiq deputat, təhsil eksperti Etibar Əliyev deyib ki, Hikmət Hacıyevin 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlər həqiqətən də böyük maraq doğurdu:
“Ümumiyyətlə, XXI əsrin əvvəllərindən etibarən informasiya-kommunikasiya texnologiyalarının uşaqlara mənfi təsiri barədə çoxsaylı kitablar yazılıb, mühazirələr oxunub, dialoqlar və geniş müzakirələr aparılıb. Təsadüfi deyil ki, əsrin əvvəllərində Cənubi Koreya alimləri və həkimləri rəqəmsal asılılıqla bağlı yeni bir problemə diqqət çəkdilər. Onlar bu vəziyyəti “rəqəmsal demensiya” (digital dementia) adlandırdılar. Bu yanaşmaya görə, rəqəmsal cihazlardan həddindən artıq istifadə uşaqların idrak inkişafına mənfi təsir göstərə, xüsusilə də yaradıcılıq, təfəkkür və digər idrak funksiyalarına təsir edə bilər. Hikmət Hacıyevin qeyd etdiyi kitab Jonathan Haidtin “Narahat nəsil” əsəridirsə, bu, olduqca dəyərli tədqiqatdır. Kitabın əsas üstünlüklərindən biri onun yeni araşdırmalara söykənməsidir. Əsər 2024-cü ildə nəşr olunub və müəllif burada çox geniş elmi materiallara əsaslanaraq nəticələr təqdim edir. Jonathan Haidt bu mövzunu cəmiyyətin gələcəyi baxımından dərindən təhlil edib”.
E.Əliyevin sözlərinə görə, kitabda bir sıra maraqlı suallar qoyulur:
“Məsələn, uşaqlıq necə keçməlidir, riskli oyunların uşaqların inkişafındakı rolu nədən ibarətdir və müasir dövrdə uşaqlar hansı əsas təhlükələrlə üzləşirlər? Müəllif dörd fundamental təhlükəni xüsusi vurğulayır. Bunlar sosial deprivasiyadır, yuxusuzluqdur, diqqətin parçalanması və ya fraqmentasiyasıdır, eləcə də ciddi rəqəmsal asılılığın formalaşmasıdır. Kitabın maraqlı cəhətlərindən biri də sosial şəbəkələrin oğlan və qız uşaqlarına təsirinin müqayisəli şəkildə araşdırılmasıdır. Jonathan Haidt belə nəticəyə gəlir ki, sosial şəbəkələr qızlara daha ciddi mənfi təsir göstərir və bunun səbəblərini geniş şəkildə izah etməyə çalışır. Eyni zamanda, oğlanlarda müşahidə olunan fərqli tendensiyalar da müqayisəli şəkildə təhlil edilir.

Etibar Əliyev
Əsərdə uşaqlarda baş verən sosial və psixoloji deqradasiya prosesləri də ətraflı araşdırılır. Daha sonra müəllif problemin həlli yollarını təqdim edir. “Kollektiv hərəkətlərə hazırlıq” bölməsində o belə qənaətə gəlir ki, bu artıq təkcə bir ölkənin problemi deyil və onun həlli üçün cəmiyyətin bütün təbəqələrinin birgə fəaliyyəti zəruridir. Jonathan Haidt informasiya texnologiyaları şirkətlərinin də bu prosesdə məsuliyyət daşıdığını vurğulayır və onların hansı addımları atmalı olduqlarını izah edir. Kitabın son bölmələrində isə məktəblərdə görülməli tədbirlər, təhsil sisteminin rolu və valideynlərin üzərinə düşən məsuliyyət geniş şəkildə təhlil olunur. Müəllif belə nəticəyə gəlir ki, 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən uzaq saxlanılması onların həmyaşıdları və müəllimləri ilə təbii ünsiyyətinin bərpasına kömək edə bilər. Çünki rəqəmsal platformalar canlı ünsiyyətə ciddi şəkildə mane olur”.
Etibar Əliyev bildirib ki, bu kitabın Azərbaycan dilinə tərcüməsi artıq başlanılıb və yaxın vaxtlarda nəşr olunacağı gözlənilir:
“Onun dərsliklərə daxil edilməsi məsələsinə münasibət bildirə bilmərəm. Lakin hesab edirəm ki, bu əsər pedaqoqlar tərəfindən mütləq oxunmalı və onun ətrafında geniş elmi-pedaqoji müzakirələr aparılmalıdır. Jonathan Haidt təhlükəli tendensiyanın başlanğıcını 2010-cu ildən hesab edir. Məhz həmin dövrdən etibarən sosial şəbəkələr sürətlə yayılmağa başlayıb və uşaqların gündəlik həyatında dominant yer tutub”.
E.Əliyev hesab edir ki, əgər vaxtında ciddi tədbirlər görülməsə, bu gün “Narahat nəsil” adlandırılan nəslin gələcəkdə “itirilmiş nəsil” kimi xarakterizə olunması riski yarana bilər:
“İstəməzdim ki, Azərbaycanda böyüyən uşaqlar gələcəkdə belə bir anlayışla ifadə olunsunlar. Ona görə də bu məsələyə vaxtında və ciddi yanaşmaq olduqca vacibdir”.
Zaira Akifqızı
Globalinfo.az