mida menzil

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakının Binəqədi rayonunda aylıq ödənişi 925 manatdan başlayan mənzilləri satışa çıxarıb. Məsələ sosial şəbəkələrdə geniş müzakirə edilir. Bir çox istifadəçi aylıq ödənişin yüksək olduğunu, 25 illik öhdəliyin isə “güzəştli şərt” anlayışına uyğun gəlmədiyini bildirir.

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu məsələ uzun müddətdir ictimai müzakirə mövzusudur:

“Vaxtilə sosial mənzil layihələri çərçivəsində vətəndaşlara daha əlverişli şərtlərlə mənzil əldə etmək imkanı yaradılırdı. Sonradan həmin mexanizmdə müəyyən dəyişikliklər edildi və hesab edirəm ki, bu dəyişikliklər gözlənilən nəticəni vermədi. Azərbaycanda orta aylıq əməkhaqqını və minimum əməkhaqqını nəzərə alsaq, hazırkı ödəniş şərtlərinin bir çox ailə üçün əlçatan olmadığı görünür. Minimum əməkhaqqı təxminən 400 manat olduğu halda, aylıq 900 manat mənzil ödənişi etmək real görünmür. Axı insan həmin ödənişdən sonra digər gündəlik xərclərini necə qarşılayacaq? Bu, tamamilə haqlı suallar doğurur və göstərir ki, müəyyən edilmiş məbləğ kifayət qədər yüksəkdir”.

natiq ceferli real 2

Natiq Cəfərli

İqtisadçı qeyd edib ki, belə layihələr hazırlanarkən ölkədəki orta və minimum əməkhaqqı, eləcə də əhalinin gəlir səviyyəsi əsas meyarlardan biri olmalıdır:

“Hesab edirəm ki, aylıq ödənişlər ən azı iki dəfə aşağı salınmalıdır. Təbii ki, bu halda kredit müddəti uzanacaq. Məsələn, 25 il əvəzinə 40-45 il və ya daha uzun müddət tələb oluna bilər. Lakin dünya təcrübəsində ipoteka kreditləri adətən 25-30 ildən artıq olmur. Buna görə də tikinti şirkətləri belə uzunmüddətli maliyyələşdirməyə maraq göstərmirlər. Məhz buna görə burada ortaq bir həll yolu tapılmalıdır. Fikrimcə, bu məsələdə dövlətin iştirakı və dəstəyi həlledici rol oynaya bilər. Dövlət həm maliyyə mexanizmləri, həm də müxtəlif güzəştlər vasitəsilə bu prosesi stimullaşdırsa, həm tikinti şirkətləri maraqlı olar, həm də mənzil almaq istəyən vətəndaşlar üçün daha əlçatan şərtlər formalaşar”.

Əmlak məsələləri üzrə ekspert Mülkədar Rüstəmov deyib ki, bu gün əməkhaqqı səviyyəsini nəzərə alsaq, güzəştli mənzil layihələrinin əsl məqsədi orta və aşağı gəlirli vətəndaşların mənzil sahibi olmasına şərait yaratmaq olmalıdır:

“Təəssüf ki, hazırkı meyarlarla bir çox ailənin, xüsusilə də gənc ailələrin bu layihələrdən yararlanması demək olar ki, mümkünsüzdür. Məsələn, 925 manat minimum gəlir meyarı əslində elə də böyük məbləğ deyil. Hesab edirəm ki, bu kriteriyalara yenidən baxılmalı, daha ədalətli tənzimləmələr aparılmalıdır. Axı adı üstündə “güzəştli mənzil”dir və bu güzəştlər həqiqətən də ehtiyacı olan vətəndaşlara şamil edilməlidir. Bu gün isə vəziyyət fərqlidir. Mənzillər satışa çıxarılan kimi bir neçə dəqiqə, ən uzağı bir neçə saat ərzində tam satılır. Müxtəlif araşdırmalar da göstərir ki, həmin mənzillərin heç də hamısı həqiqətən ehtiyacı olan ailələrə çatmır. Daha çox yüksək maaş alan şəxslər, o cümlədən bəzi dövlət qurumlarında çalışanlar və hərbçilər bu imkanlardan yararlanırlar. Bu isə güzəştli mənzil proqramının əsas mahiyyətinə tam uyğun gəlmir”.

mulkedar rustemov

Mülkədar Rüstəmov

M.Rüstəmov hesab edir ki, bu sahədə dövlətlə yanaşı özəl şirkətlər də daha fəal iştirak etməlidir:

“İllərdir eyni model tətbiq olunur, amma nəticə dəyişmir. Türkiyə modelindən istifadə etmək daha səmərəli ola bilər. Dövlət tikinti üçün ayrılmış torpaqlarda özəl şirkətlərə dəstək versə, həmin şirkətlər də 20-25 il müddətinə, aşağı faizlə və münasib aylıq ödənişlə mənzillər təklif edə bilərlər. Məsələn, aylıq ödənişi 400-500 manat civarında olan uzunmüddətli ipoteka proqramları gənc ailələr və orta statistik əməkhaqqı alan vətəndaşlar üçün daha əlçatan olar. Bu həm mənzil təminatını yaxşılaşdırar, həm də daha çox ailənin ev sahibi olmasına real imkan yaradar. Düşünürəm ki, bu istiqamətdə özəl sektorun iştirakının artırılması və mövcud meyarların yenidən nəzərdən keçirilməsi ən doğru addımlardan biri olardı”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: