Telegram 900x506 1

“Pavel Durov üçün ən riskli istiqamətlər MDB ölkələri olacaq. Çünki həmin dövlətlərin bir qismi Rusiya ilə ekstradisiya haqqında ikitərəfli sazişlərə malikdir”.

Globalinfo.az xəbər verir ki, bunu rus hüquqşünas David Adams deyib.

O bildirib ki, İnterpolun “qırmızı bildirişi” hər bir ölkəni avtomatik olaraq axtarışda olan şəxsi həbs etməyə məcbur etmir:

“Yerli hakimiyyət orqanları ittihamın əsaslarını, həmin əməlin öz qanunvericiliyinə uyğun cinayət sayılıb-sayılmadığını və təqsirləndirilən şəxsin hüquqlarına dair riskləri ayrıca qiymətləndirir.

Beynəlxalq axtarış isə avtomatik olaraq Rusiyaya təhvil verilmək demək deyil”.

Adams əlavə edib ki, “Telegram” istifadə edən adi vətəndaşlar üçün bu işlə bağlı hər hansı sanksiya nəzərdə tutulmur:

“Durova qarşı aparılan istintaq adi istifadəçilərə şamil edilmir. Hüquqi məsuliyyət yalnız şəxsin öz əməllərinə – terrorçuluğa yardım, dələduzluq və ya qanunla qadağan olunmuş materialların yayılması kimi hallara görə yarana bilər. “Dayvinçik” (Leo) botunun veb ünvanı qadağan olunmuş resurslar siyahısına daxil edilib və onun bloklanması məsələsi qaldırılıb. Lakin həmin bot vasitəsilə yazışmaq ayrıca hüquq pozuntusu hesab edilmir. Bununla belə, dələduzluq, şantaj və ya verbovka riski səbəbindən istifadəçilərin ehtiyatlı olması tövsiyə olunur.

Xatırladaq ki, 29 iyulda Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Pavel Durovun terror fəaliyyətinə yardım işi üzrə beynəlxalq axtarışa verilməsi prosedurunun başladığını açıqlayıb. Rusiya tərəfi iddia edir ki, “Telegram”da fəaliyyət göstərən “Dayvinçik/Leo” tanışlıq botundan Ukrayna xüsusi xidmət orqanları gənc rusiyalıların diversiya və terror fəaliyyətinə cəlb edilməsi üçün istifadə edib. Bu iddialarla bağlı müstəqil təsdiq hələlik yoxdur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: