İsrailin diaspor məsələləri naziri Amixay Şikli Türkiyə ilə birbaşa hərbi qarşıdurma ehtimalını istisna etmədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, Şiklinin sözlərinə görə, Aralıq dənizində Türkiyə və İsrail hərbi qüvvələri arasında birbaşa toqquşma ssenarisi mümkündür və belə bir hadisənin yaxın gələcəkdə baş verməsi ehtimalı da nəzərdən qaçırılmamalıdır.
Nazir çıxışı zamanı xatırladıb ki, İsrail 2023-cü ildə Türkiyədə baş vermiş güclü zəlzələdən sonra xilasedici qruplar göndərərək humanitar yardım göstərmişdi. O, həmçinin iddia edib ki, bir neçə il əvvəl İsrail həkimləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müalicəsində iştirak ediblər.
Amixay Şikli hazırkı vəziyyəti “məyusedici reallıq” adlandıraraq, Qüdsdə fəaliyyət göstərən Türkiyə konsulluğunun bağlanmasının və İsraildə Türkiyəyə məxsus fəaliyyətlərin dayandırılmasının tərəfdarı olduğunu da qeyd edib.
Onun fikrincə, Türkiyənin Qüdsdəki konsulluğu Ankaranın bölgədə təsir imkanlarını artıran əsas vasitələrdən biridir və müxtəlif yerli qurumlarla əlaqələrin qurulmasında mühüm rol oynayır.