“Son illər dünyada baş verən müharibələr, pandemiya, iqlim dəyişiklikləri və beynəlxalq logistika böhranları bütün dövlətlərə bir həqiqəti yenidən xatırlatdı: ərzaq, milli təhlükəsizlik məsələsidir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib.
Deputat bildirib ki, hər bir qanunun ruhunu anlamaq üçün onun tarixi köklərinə qayıtmaq gərəkdir:
“Azərbaycanda toxumçuluq və seleksiya məktəbinin şanlı keçmişi var. Ulu Öndər Heydər Əliyevin fundamental dövlət siyasəti nəticəsində sovet Azərbaycanı yüksək məhsuldar yerli sortları yaradan, onları qoruyan və bütün ittifaq miqyasında tanıdan aqrar mərkəzlərdən birinə çevrilmişdi.
Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdandan az sonra paytaxtda silah səslərinin eşidildiyi bir şəraitdə 1994-cü il martın 4-də keçirdiyi kənd təsərrüfatı müşavirəsində sual edirdi :
“Deyin görək, Azərbaycanda nə vaxt 280 min ton pambıq yığılmışdı? Bu, 60-cı illərdə olmuşdu. Sonra pambıqçılığın inkişafı üçün yeni torpaqlar mənimsənildi, suvarma sistemləri quruldu, təcrübə artırıldı və nəticədə pambıq istehsalı 800 min tona çatdırıldı. Üzüm istehsalı 1 milyon 800 min tona, taxıl istehsalı isə 1 milyon 600 min tona çatmışdı. O üzüm bağlarını salmaq üçün nə qədər əziyyətlər çəkirdik. Tənək çubuqlarını Avropadan, Bolqarıstandan, Moldovadan, Krımdan gətirirdik”.
Bəli, Ulu öndərin tarixi çıxışı bir dövlət proqramıdır. O vaxt Azərbaycanın hər bölgəsi öz məhsulu ilə tanınırdı. Qubanın alması, Göyçayın “Gülöyşə” narı, Lənkəranın çayı, Gədəbəyin Ağ çiçək kartofu, Şəkinin tütünü, Zaqatalanın fındığı, Muğanın taxılı, Sabirabadın bostan məhsulları uzun illər aparılan seleksiya işlərinin, yerli genetik ehtiyatların qorunmasının və elmi toxumçuluğun nəticəsi idi. Onlar dadına, ətirinə, qidalılıq dəyərinə, yerli iqlimə uyğunluğuna, xəstəliklərə davamlılığına görə seçilirdi. Təsadüfi deyil ki, XX əsrin 80-ci illərində Göyçay narının tingləri ilə ABŞ-da plantasiyalar salınırdı.
Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk. Hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir.
Deputat qeyd edib ki, hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir:
“Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-ın toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir.
Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir.
Xatırladaq ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır. Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil – ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır.
2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard manatdan artıq olub. Əhalisi ölkəmizə yaxın olan Belarus ötən il dünyanın 110 ölkəsinə 10 milyard dollardan artıq kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib.
2024-cü ildə ölkəmiz qarğıdalı toxumu üzrə 6,57 milyon dollar dəyərində, 1,14 milyon kiloqram idxal həyata keçirib. Əsas tədarükçülər Türkiyə, Serbiya olub. 3,58 milyon dollar dəyərində 6,31 milyon kiloqram toxumluq kartof idxal edib. Tədarükçülər eynidir. Halbuki hər iki məhsulun ölkəmizdə əsrlərdən gələn genləri var. Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarı hazırda 1,3 milyondan çox toxumun genetik ehtiyatlarını saxlayır. Gedib xalqımızın əkdiyi qədim nümunələri alıb ölkəmizə qaytarmaq gərəkdir ki, insanların ağız dadı özünə qayıtsın.
Safura Bənnayeva
Globalinfo.az