Ermənistan parlamentinin spikeri Alen Simonyan deputat mandatından imtina etdiyini, ona heç bir yeni vəzifənin təklif olunmayacağını açıqlayıb. Simonyan bir müddət dincələcəyini deyib. Daha əvvəl isə hakim Mülki Müqavilə Partiyasında Simonyana qarşı narazılıq olduğu, onun yeni hökumət komandasından uzaqlaşdırıldığına dair məlumatlar yayılıb. O, buna baxmayaraq Baş nazir Nikol Paşinyanı dəstəklədiyini və özünü ondan ayrı təsəvvür etmədiyini bildirib.
Alen Simonyan Ermənistan siyasətindən uzaqlaşdırılır? Onun zərərsizləşdirilməsini istəyən qüvvələrin məqsədi nədir?
Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Simonyanın cəzalandırılmasının səbəbi Rusiya təsiri ilə bağlıdır:
“Çünki Simonyan Paşinyan hökumətində Rusiyaya ən çox qarşı çıxan siyasi xadimlərdən biri idi. O, dəfələrlə Rusiyanın Ermənistana qarşı təzyiqlərini möhkəm tənqid edib. Hətta Moskvanın İrəvana qarşı əsas ruporu sayılan Marqarita Simonyanı “iyrənc məxluq”, “dəhşətlər sirkinin növbəti nümayəndəsi” adlandıraraq, onu Ermənistanın daxili işlərinə “burun soxmaq”da ittiham edib. Bir müddət əvvəl Belarusu “Rusiyanın quberniyası” adlandırmaqla Moskvanın uzantısına çevrilən Aleksandr Lukaşenkonu müstəqil addımlar atmağa çağırıb. Bir digər çıxışında o, Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarına embarqo qoymasını da tənqid edərək ölkəsinin suverenliyini “xiyar və pomidora” dəyişməyəcəyini bildirib. Qısası, Alen Simonyanın bu müstəqillik ritorikası Moskvada xoş qarşılanmırdı. Görünür, Paşinyan Kremlin xətrini xoş tutmaq üçün Simonyanı qurban vermək məcburiyyətində qaldı”.
Heydər Oğuz
Siyasi şərhçi bildirib ki, Simonyanın qurban verilməsinin bir digər səbəbi Türkiyə ilə normallaşma prosesi ilə bağlı ola bilər:
“Simonyan parlament sədrliyinə namizəd Ruben Rubinyanla əvəz olundu. Rubinyan isə Türkiyə-Ermənistan danışıqlarını aparan əsas müzakirəçilərdən idi. Mümkündür ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq üçün mövzunun əsas bilicisini ön plana çıxarmaq ehtiyacı duyulub”.
Ləman İmran
Globalinfo.az