Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bu il ali təhsil müəssisələrinə qəbul üzrə plan yerlərinin sayı ilə bağlı ilkin qiymətləndirməsini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, Trend-ə müsahibəsində plan yerlərinin sayının ötən illə müqayisədə ciddi dəyişməyəcəyini bildirib.
“Hazırda əlimizdə bu il üçün plan yerlərinin sayı yoxdur. Buna görə də müsabiqə vəziyyətinin necə olacağını dəqiq demək mümkün deyil. Ancaq mövcud ilkin məlumata görə, plan yerlərinin sayı ötən illə müqayisədə təxminən eyni səviyyədə olacaq”, – deyə DİM sədri qeyd edib.
Məleykə Abbaszadənin sözlərinə görə, ikinci ixtisas qrupu üzrə abituriyentlərin sayı ötən illə müqayisədə daha çoxdur. Bununla belə, müxtəlif ixtisas qrupları arasında abituriyent axını müşahidə edilir.
“Üçüncü qrupda aşağı nəticə göstərən bəzi abituriyentlər ərizələrini ikinci qrupa veriblər. Ümumilikdə, üçüncü qrupda vəziyyət təxminən keçənilki səviyyədədir. İkinci qrup barədə də eyni fikri söyləmək olar. Mən deyə bilmərəm ki, burada çox böyük sıçrayış var. Nəticələr ötən illə müqayisədə cəmi bir-iki bal fərqlənir”, – o bildirib.
DİM sədri vurğulayıb ki, müsabiqə vəziyyətinə plan yerlərinin sayı birbaşa təsir göstərir:
“Bildiyiniz kimi, plan yerlərinin sayı azalanda müsabiqə vəziyyəti daha da gərginləşir”.
O əlavə edib ki, hazırda aparılan qiymətləndirmələr ilkin xarakter daşıyır və daha ətraflı təhlillər sonrakı mərhələdə aparılacaq.
“Daha dərin təhlillər aparıldıqdan sonra müəyyən edəcəyik ki, hansı tapşırıqlar daha yaxşı işlənib, hansı istiqamətlər üzrə həqiqətən problemlər mövcuddur. İnşallah, 2026-cı ilin nəticələri üzrə daha dəqiq və elmi əsaslara söykənən araşdırmalar gələn il ictimaiyyətə təqdim olunacaq”, – deyə Məleykə Abbaszadə qeyd edib.