Valideynlərin məktəblərdə dərs yükünün ağır olması ilə bağlı narahatlıqlarına münasibət bildirən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, bu məsələyə sadəcə dərs saatlarının sayı prizmasından yanaşmaq düzgün deyil.
Globalinfo.az xəbər verir ki, bu barədə o, Trend Beynəlxalq İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər Tv”yə birgə müsahibəsində danışıb.
Nazirin sözlərinə görə, Azərbaycanda tədris müddəti bəzi ölkələrlə müqayisədə daha qısadır:
“Bəzi təhsil nailiyyətləri daha yüksək olan ölkələrdə çox qısa yay tətilləri görürük. Biz isə daha uzun müddətli yay tətili ilə əhatə olunuruq”.
Emin Əmrullayev bildirib ki, dərs yükünün çox olduğu iddia edilirsə, ilk növbədə hansı fənlərin və ya mövzuların azaldılmasının nəzərdə tutulduğu aydınlaşdırılmalıdır.
“Fərz edək ki, dərs yükü çoxdur, onda deməli, azaldılmalıdır. Nəyi azaltmaq? Biz bu tipli suallarla qarşılaşırıq”, – deyə nazir vurğulayıb.
O qeyd edib ki, Azərbaycan təhsil sistemi əsasən sovet dövründən miras qalan model əsasında fəaliyyət göstərir və tədris planları fənlərin həftəlik saat bölgüsünə uyğun qurulub.
“Fizika 2 saat, kimya 2 saat, biologiya 2 saat və s. Həmin dərs saatlarının sayı da müəllimlərin əməkhaqqısını müəyyən edir. Bu da məsələni bir qədər mürəkkəbləşdirir”, – deyə o əlavə edib.
Nazirin fikrincə, əsas müzakirə mövzusu dərs yükünün həcmi deyil, tədris məzmununun gələcəyin tələblərinə nə dərəcədə uyğun olmasıdır.
“Ən vacib sual məzmunun gələcəklə nə qədər səsləşməsi və gələcəyə uyğun olmasıdır. Əgər nəsə uyğun deyilsə, onu çıxarıb yenisi ilə əvəz etmək lazımdır”, – deyə Emin Əmrullayev bildirib.
Nazir hesab edir ki, cəmiyyətdə bu istiqamətdə daha konkret müzakirələr aparılmalıdır:
“Azərbaycan təhsilində hansı məqamlar var ki, onları cəmiyyət yekdilliklə çıxarmağın tərəfdarıdır? Hansı fənni çıxartsaq, təhsilin məzmunu daha uyğun olar? Müzakirələr qeyri-müəyyənlikdən daha çox müəyyənliyə doğru getsə, faydalılığı artar”.
Emin Əmrullayev həmçinin bildirib ki, hazırda təhsil sistemində daha çevik mexanizmlərin tətbiqi üçün adambaşı maliyyələşmə modelinə keçid istiqamətində işlər aparılır.