Tarixin ən böyük IPO-larından (Initial Public Offering –şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsi) biri ilə fond bazarında debüt edən İlon Maskın kosmik və süni intellekt şirkəti “SpaceX” yüksəlişini davam etdirir.
Globalinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, şirkətin səhmləri IPO-dan sonra sürətlə bahalaşaraq 17%-dən çox artıb və bazar kapitallaşması 3 trilyon dollar həddini keçib. Bu nəticə “SpaceX”i qlobal texnologiya nəhəngləri arasında ən dəyərli şirkətlərdən birinə çevirib.
Məlumata görə, bu göstərici ilə “SpaceX” qiymətləndirmə baxımından “Amazon”u təxminən 300 milyard dollar, “Microsoft”u isə 20 milyard dollara yaxın üstələyib. Analitiklər şirkətin həm kosmik texnologiyalar, həm də süni intellekt sahəsindəki potensialını bu sürətli yüksəlişin əsas səbəblərindən biri kimi qiymətləndirirlər.
Bazar müşahidəçiləri qeyd edir ki, investor marağının yüksək qalması “SpaceX”in gələcəkdə də dəyər artımını davam etdirə biləcəyini göstərir.