Son bir il ərzində Pekinin diplomatik fəallığı qlobal siyasətin diqqət mərkəzinə çevrilib.
2025-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri, 2026-cı ilin mayında isə ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin bir neçə gün fərqlə Pekinə səfəri, Çin ətrafında formalaşan yeni geosiyasi dinamikanın konturlarını daha da aydın göstərdi.
Fərqli siyasi sistemləri, maraq dairələri və strateji prioritetləri təmsil edən bu üç liderin Pekində eyni dövrə düşən diplomatik aktivliyi, Çin faktorunun beynəlxalq münasibətlərdə artan çəkisini bir daha ortaya qoyur.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyev, Tramp və Putinin ayrı-ayrı vaxtlarda Çinə səfərləri fərqli görünsə də, fikrimcə, burada yeni geosiyasi mübarizənin ortaq elementləri var:
“Təbii ki, hər üç ölkənin Çinlə ikitərəfli gündəliyi mövcuddur, digər tərəfdən, Vaşinqton və Moskvanın Pekinlə münasibətlərin sferası daha qlobal müstəvini əhatə edir. Bu baxımdan, Əliyevin Pekin səfəri və Azərbaycan-Çin münasibətləri bu müstəvidən kənarda görünə bilər. Hərçənd, Avrasiyada maraqlar uğrundakı mübarizənin detalları və çöxqütblü dünya nizamının formalaşmasına dair gözləntilər Bakı-Pekin xəttindəki yaxınlaşmanı, əslində, bu prosesion tərkib hissəsi kimi qiymətləndirmək zərurətini yaradır.
Söhbət Avrasiyadakı nəqliyyat şəbəkəsinə nəzarət uğrunda mübarizədən gedir. Qlobal toqquşmanın faktiki tərəfləri olan ABŞ, Çin və Rusiya da məhz bu şəbəkə üzərində daha çox pay sahibi olmaqla mövqelərini gücləndirmək istəyirlər”.

Asif Nərimalı
Siyasi şərhçi bildirib ki, hazırda əsas mübarizə istiqaməti Orta dəhlizdir:
“Tramp Administraiyası bu dəhlizdə ABŞ-ın mövqelərini möhkəmləndirmək istiqamətində müəyyən məsafə qət edib, digər tərəfdən, Çin də təsir imkanlarını saxlayır. Rusiya onlarla müqayisədə zəif mövqeyə sahib olsa da, pay almaq cəhdlərindən əl çəkmir. Bu konteksdə Orta dəhlizin əsas habı və həlledici açarı mövqeyinə sahib olan Azərbaycanın Prezidentinin Çin səfəri, ümumiyyətlə Bakı-Pekin xəttində baş verənlər Tramp-Si Cinpin-Putin xəttində baş verənlərdən ayrı qiymətləndirilməməlidir. Yeni nizamın qurulmasında mövqelərini qorumaq və Avrasiyanın nəqliyyat şəbəkəsində payını artırmaq istəyən hər üç oyunçu – ABŞ, Çinə və Rusiya – Azərbaycanı öz cəbhəsinə çəkmək istəyir, yaxud buna nail ola bilmirlərsə belə, Bakı ilə münasibətləri yüksək səviyyədə saxlamaqda maraqlıdırlar”.
Turan Rzayev
Globalinfo.az