69f9d57d9cc3b69f9d57d9cc3c177798079769f9d57d9cc3869f9d57d9cc39 19

2026-cı ilin fevralında ABŞ və İsrail İrana qarşı “Əzəmətli Qəzəb Əməliyyatı”na (“Operation Epic Fury”) başladı. Cavab olaraq İran Hörmüz Boğazını bağladı. İnqilab Keşikçiləri Korpusu (SEPAH) boğaza mina düzdü, bir neçə tankerə hücum etdi. Dünya üzrə dənizlə daşınan neftin 27 faizi, qazın 20 faizi bu boğazdan keçir. Boğaz bağlananda qlobal bazar dərhal silkələndi.

ABŞ-ın Xarg adası ətrafında qurduğu blokada İranın neft ixracını kəsdi. “Kpler”in hesabatına görə, ixrac indiki səviyyədə qalsa, İranın anbarları 12-22 günə dolacaq. ABŞ maliyyə naziri Skott Bessent deyir ki, bu blokada Tehrana hər gün 170 milyon dollar ziyan vurur. İran artıq hasilatı azaldır. 2025-ci ildə gündə 3,3 milyon barrel olan hasilat 2026-cı ilin martında 3,06 milyona düşdü. Problem odur ki, İranın yataqları köhnədir. Hasilatı uzun müddət dayandırmaq layı korlayır. Sonra əvvəlki səviyyəyə qayıtmaq üçün illər və böyük pul lazım olur.

İranın üç seçimi var. Birinci yol hasilatı kəskin azaltmaqdı. Anbarı qoruyur, amma büdcə gəliri sıfırlanır və yataqlar zədələnir. İkinci yol nefti quru yolu ilə satmaqdı. Türkiyə, Pakistan, Əfqanıstan və Özbəkistana tankerlərlə neft göndərilir. Amma bu yolların gücü gündə cəmi 250-300 min barreldir. Bu, normal ixracın 15 faizidir. Üstəlik, daşıma 4-5 dəfə bahadır. Üçüncü yol isə danışıqlardı. ABŞ anbar təzyiqi ilə İranı güzəştə məcbur etmək istəyir. Amma SEPAH-ın qaçaqmalçılıq şəbəkəsi var. İqtisadi çətinlik olsa da, hərbi elita pula çıxış tapır. Ona görə Tehran dərhal təslim olmur.

Bəs kim qazanır? Qısa müddətdə ABŞ və şist şirkətləri qazanır. Neft 110-125 dollara qalxdı. Apreldə ABŞ-ın neft və neft məhsulları ixracı gündə 12,9 milyon barrel ilə rekord vurdu. Kanada, Braziliya, Qayana da bahalı neftdən pul qazanır. Rusiya da səssizcə faydalanır. “Urals” nefti 85 dollara satılır, Rusiya büdcəsi rahatlanır. ABŞ hətta qıtlığı azaltmaq üçün bəzi Rusiya tankerlərinə 90 günlük sanksiya güzəşti verdi.

Ən çox itirən Körfəz ölkələridir. Səudiyyə, İraq, Küveyt, BƏƏ və Qətər birlikdə gündə 11 milyon barreldən çox neft satırdı. İndi əksəriyyəti dayanıb. Səudiyyənin quru kəməri cəmi 5 milyon barrel ötürür. İraqın hasilatı 2028-ci ilə qədər bərpa olunmayacaq. Üstəlik, Körfəz ölkələri ərzağın 80 faizini dənizlə alır. İdxal 70 faiz azaldı, Dubayda düyü 40 faiz, Qətərdə toyuq 120 faiz bahalaşdı.
Ən böyük zərbəni Asiya alır. Boğazdan keçən neftin 70 faizi Çin, Hindistan, Yaponiya və Cənubi Koreyaya gedirdi. Yaponiya strateji ehtiyatdan 80 milyon barrel çıxardı. Bu, 15 günlük tələbatdır. Çin anbarları açdı, amma o da 1 ay bəs edir. Filippin və Pakistan enerji üzrə fövqəladə hal elan etdi. Bahalı yanacaq Asiyada inflyasiyanı qaldırır, faizlər artır.

İndi dözüm yarışı gedir. İran üçün vaxt ona görə işləyir ki, bahalı neft ABŞ-da benzinin 1 qaronunu 5 dollara qaldırdı. Seçki ilində bu, Tramp üçün ciddi təzyiqdir. Beynəlxalq Enerji Agentliyi bunu “tarixin ən böyük enerji sınağı” adlandırdı. ABŞ üçün isə vaxt ona görə işləyir ki, İranın anbarları dolur, rial 35 faiz dəyər itirib, əhali arasında narazılıq artır.

Nəticə aydındır: boğazın açılması İran, Körfəz və Asiyanın xeyrinədir. Bağlı qalması qısa müddətdə ABŞ və Rusiyaya sərf edir. Amma uzun müddətdə hamı uduzur. BVF deyir ki, boğaz 60 gün bağlı qalsa, dünya iqtisadiyyatı 0,8-1,2 faiz az böyüyəcək. Bu, 400 milyard dollara yaxın itki deməkdir. Yəni bu dueldə qalib yoxdur, yalnız daha az itirən var. Növbəti bir ay həlledici olacaq. Ya tərəflər razılaşacaq, ya da dünya yeni enerji böhranının dibinə yuvarlanacaq!

Akif Nəsirli
Globalinfo.az

Paylaş: