ABŞ-da İsrail və Livan nümayəndələri arasında keçirilən danışıqlar regionda artan gərginlik fonunda diqqət çəkir. Vaşinqtonda ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə baş tutan, “açıq, birbaşa və yüksək səviyyəli” kimi qiymətləndirilən görüş tərəflər arasında uzun illərdən sonra ilk birbaşa təmaslardan biri hesab olunur.
Danışıqlarda əsas müzakirə mövzusu İsrailin Livanda “Hizbullah”a qarşı həyata keçirdiyi hərbi əməliyyatlar və bölgədə sabitliyin təmin edilməsi olub. ABŞ tərəfi görüşü gərginliyin azaldılması istiqamətində vacib addım kimi təqdim etsə də, tərəflərin mövqelərindəki fərqlər yekun razılaşmanın əldə olunmasını çətinləşdirir.
Globalinfo.az-a danışan araşdırmaçı jurnalist Elnur Ənvəroğlu deyib ki, ABŞ və İsrail üçün bu tip danışıqlar konflikti aradan qaldırmaqdan çox, əsasən Yaxın Şərq bölgəsində onun idarə olunması baxımından kritik əhəmiyyət daşıyır:
“Xüsusilə İsrail və Livan arasında münasibətlərin tarixini nəzərə alsaq, fikrimcə, burada hər bir detal strateji əhəmiyyət daşıyır. Ona görə də ABŞ-da keçirilən görüşlər, güman ki, birbaşa sülh razılaşmasından daha çox gərginliyin idarə olunması məqsədi güdür. İsrail üçün ərəb dilli dövlətlər, xüsusilə də İranın maliyyələşdirdiyi hərbi qüvvələrin olduğu ərazilər sülh nöqteyi-nəzərindən dayanıqlı və etibarlı hesab edilmir. Burada İsrailin hədəfi yalnız həmin ərazilərə nəzarəti öz əlinə ala bilməkdir.

Elnur Ənvəroğlu
Mənə görə burada ən real nəticə açıq sülh deyil, qeyri-rəsmi razılaşmalardır. Bu razılaşmalarda əhatə olunan əsas müddəalar sərhəd boyunca hərbi fəaliyyətin məhdudlaşdırılması, qarşılıqlı “qırmızı xətlərin” müəyyən edilməsi və mülki ərazilərə zərbələrin azaldılması kimi önləyici tədbirlərdən ibarət ola bilər. Yəni 2006-cı il İsrail–“Hizbullah” müharibəsindən sonra formalaşan qismən qabaqlayıcı tədbirlərin bir növ davamı kimi görülə bilər.
Düzdür, əsas zərbə burada Livana dəyir, amma yenə də “Hizbullah” və İsrail qarşıdurması daimi uzanan bir problem kimi görünür. Yəni dəyişən bir şey gözləməyə dəyməz. İranın qüvvələri tamamilə həmin ərazilərdə yer üzündən silinməyincə, ABŞ və İsrail bundan əl çəkməz. ABŞ-ın məqsədlərindən biri İsrailin resurslarının parçalanmasının qarşısını almaq və isti dənizlərdə keçidlər üzrə təhlükəsizliyi təmin etməkdir. Ona görə Yaxın Şərqdə bu kontekstdə eskalasiya pik həddində qalmaqdadır”.
Turan Rzayev
Globalinfo.az