Xankəndidə hərəkətlilik: Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarının yolunu bağladı – VİDEO / YENİLƏNDİ

Xankəndidə hərəkətlilik: Qarabağda yaşayan ermənilər Rusiya sülhməramlılarının yolunu bağladı - VİDEO / YENİLƏNDİ

Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Rusiya sülhməramlılarının xidmət aparmasına mane olublar. Belə ki, onlar avtomobil yolunu bağlayıblar və bununla da xidməti maşınların əraziyə çıxmasının qarşısını alıblar.

Hadisə Rusiya Sülhməramlı Kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində qeydə alınıb.

Etirazçılar bununla da kifayətlənməyərək Rusiya hərbçilərini təxribata çəkməyə çalışıblar.

Belə ki, görüntülərdəki danışıqlardan aydın anlaşılır ki, təxribatçılardan biri rus sülhməramlısının üstünə qışqıraraq onu Şuşaya qalxıb oradan “azərbaycanlıları qovmağa” çağırır.

Həmçinin yolu bağlayan erməni “etirazçı” sülhməramlıları Laçın yolu ilə daşınan hər ton yükə görə 400 min dram (1 760 manat) “haqq” almaqda ittiham edir.

***16:53

Qarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının yerləşdiyi mərkəzin qarşısında aksiya keçirilər.

Globalinfo.az xəbər verir ki, onlar martın 5-də separatçılarla Azərbaycan hərbçiləri arasında yaşanan qarşıdurmada sülhməramlıların sakit qaldığını bildirərək etiraz şüarları səsləndirirlər.

Separatçı rejimin “qht” sektorunun fəal “nümayəndələrindən” hesab edilən Tiqran Petrosyan aksiyanın təşkilatçılarındadır.

***
11:02

Bu gün Xankəndidə etiraz aksiyasının təşkil edilməsi planlaşdırılır.

Globalinfo.az xəbər verir ki, aksiyanın Azərbaycan hərbçilərinə qarşı hücumda iştirak zamanı öldürülən erməni zabitlərin dəfnindən sonra baş tutacağı gözlənilir.

Etirazçıların saat 15:00-da Xankəndidəki “Biz və bizim dağlar” abidəsi qarşısında toplanacağı, buradan isə Rusiya sülhməramlılarının komandanlığına yürüyüş edəcəyi vurğulanıb. Aksiyanın əsas təşkilatçısının yerli aktivist David Qəhrəmanyan olduğu bildirilib.

Qəhrəmanyan aksiyaya çağırışı zamanı sülhməramlıları öz vəzifə öhdəliklərini icra etməməkdə ittiham edib.

Maraqlı məqam isə bazar günü yaşanan insidentdən sonra qondarma rejimdə sülhməramlılara qarşı çağırışların pik həddə çatmasıdır. Bundan öncə erməni müxalif siyasətçi Tiqran Petrosyan da oxşar tələblə çıxış edərək, Rusiyanın BMT sülhməramlıları ilə əvəz edilməsini istəyib.

İlkin Həsənov
Globalinfo.az