İranın Körfəz ölkələri, Kipr Respublikası və Türkiyədən sonra Azərbaycanın Naxçıvan bölgəsini də hücumlar üçün hədəf seçməsi rezonans doğurub.
Analitiklərin fikrincə, İranın qonşularına zərbələr endirməsi ölkəni riskli vəziyyətə sala bilər. Rejim bu addımları ilə beynəlxalq müdaxilə üçün faktiki olaraq özünü hazırlayır.
Hücumların miqyasının genişlənməsi fonunda İrana beynəlxalq hücum ola bilərmi?
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Tehranın son günlər daha intensiv şəkildə vurulması müharibənin yeni mərhələyə keçdiyini göstərən mühüm hərbi-strateji siqnaldır:
“ABŞ və İsrail tərəfindən həyata keçirilən hava və raket zərbələrinin əsas məqsədi yalnız taktiki hərbi obyektləri məhv etmək deyil, eyni zamanda İranın idarəetmə və qərarvermə sisteminə ciddi zərbə vurmaqdır. Paytaxt Tehran ölkənin siyasi rəhbərliyinin, hərbi komandanlığının və təhlükəsizlik strukturlarının mərkəzi olduğu üçün burada yerləşən obyektlərin hədəfə alınması İranın müdafiə sisteminin koordinasiyasını zəiflətməyə hesablanmış strategiyanın tərkib hissəsidir. Bu zərbələr əsasən hərbi qərargahlar, raket proqramı ilə bağlı obyektlər, pilotsuz uçuş aparatlarının idarəetmə mərkəzləri və təhlükəsizlik qurumlarının infrastrukturu üzərində cəmlənir.
Bununla belə, mövcud vəziyyətə baxmayaraq, İrana qarşı yaxın zamanda genişmiqyaslı quru əməliyyatının başlanması ehtimalı hələlik yüksək qiymətləndirilmir. Bunun əsas səbəblərindən biri İranın coğrafi və demoqrafik xüsusiyyətləridir. Bu ölkə regionun ən böyük və mürəkkəb relyefə malik dövlətlərindən biridir. Ərazisi böyük dağ massivləri, geniş səhralar və sıx məskunlaşmış şəhərlərdən ibarətdir. Bu cür şəraitdə quru əməliyyatı aparmaq üçün yüz minlərlə hərbçinin, geniş logistika sisteminin və uzunmüddətli hərbi planlaşdırmanın olması tələb olunur. Bu isə həm hərbi, həm də siyasi baxımdan son dərəcə riskli addımdır”.

Vüqar Zifəroğlu
Ekspertin sözlərinə görə, digər mühüm amil hazırda tətbiq olunan hərbi strategiyanın xarakteridir:
“Mövcud əməliyyatlar daha çox hava üstünlüyü yaratmaq və İranın strateji hərbi potensialını zəiflətmək məqsədini güdür. Yəni ilkin mərhələdə İranın raket infrastrukturu, hava hücumundan müdafiə sistemləri və nüvə proqramı ilə bağlı obyektləri sıradan çıxarılır. Bu strategiya klassik quru işğalı modelindən fərqlənir və daha çox uzaqdan zərbələr vasitəsilə hərbi balansın dəyişdirilməsinə hesablanıb.
Quru əməliyyatı yalnız müəyyən ssenarilər daxilində real ola bilər. Məsələn, əgər İran daxilində siyasi və idarəetmə sistemi ciddi şəkildə zəifləyər və ölkədə hakimiyyət böhranı yaransa, bu zaman strateji obyektlərin nəzarətə götürülməsi üçün məhdud quru əməliyyatları gündəmə gələ bilər”.
Turan Rzayev
Globalinfo.az