Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna liderlərinin üçtərəfli formatda görüşü yalnız danışıqların son mərhələsində, yekun razılaşmanın təsdiqlənməsi halında mümkündür.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, dövlət başçıları yalnız əldə olunmuş razılaşmaları rəsmiləşdirmək və sazişi bağlamaq üçün bir araya gəlməlidirlər.
Peskov qeyd edib ki, belə yanaşma xüsusilə ABŞ diplomatiyasında tətbiq olunan praktika ilə üst-üstə düşür.
Kreml nümayəndəsi əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski üçün Moskvaya dəvət məsələsi qüvvədə qalır. O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin verdiyi sözə daim sadiq qalır.
Bununla yanaşı, Peskov hazırkı danışıqlar mövqeləri dəyişmədiyi müddətdə Putinlə Zelenski arasında görüşün perspektivinin sual altında olduğunu bildirib. Onun fikrincə, Kiyevin mövcud yanaşması fonunda yüksək səviyyəli görüşün məqsədəuyğunluğu müzakirə mövzusu olaraq qalır.
Kreml sözçüsü həmçinin Avropa ölkələrinin Ukraynaya nüvə silahı verə biləcəyi ilə bağlı iddiaları kəskin tənqid edib. O, belə planları tamamilə ağlasığmaz addım adlandırıb.
Peskov vurğulayıb ki, Moskvanın əlində olan məlumatlar əsassız deyil və Rusiya tərəfi onların açıqlanmasının bu planların həyata keçirilməsinə mane olacağına ümid edir.
Əliyar Xəlil